06 mart 2024 17:51
559

Orta Dəhlizin əhəmiyyəti artır - AÇIQLAMA

Orta Dəhlizin xüsusən Azərbaycan üzərindən kəçən hissəsində təhlükəsizliyə verilən yüksək qarant ölkəmizin qlobal mənada uğurlu məkan olduğunu təsdiqləyir

Bu gün əslində yollar, dəhlizlər və istiqamətlər çoxdur. Amma əsas olan təhlükəsizlik məsələsidir. Azərbaycan hətta Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları olmaqla iki müharibə apardı. Həmçinin arada müəyyən hərbi əməliyyatlar oldu. 30 illik proseslərin gərginləşdiyi bir dönəmdə Azərbaycan beynəlxalq layihələrin heç birinin təhlükəsizliyinə təhdid yaranmasına imkan vermədi. Həmçinin 2020-ci ilin iyul ayında Ermənistanla Azərbaycan arasında baş verən Tovuz döyüşləri faktiki olaraq Bakı-Tbilisi-Ceyhan boru xəttinin yaxınlığında oldu. Bu xəttin bir borusu da zədələnmədi. Azərbaycan sözügedən boru kəmərinin təhlükəsizliyini yüksək səviyyədə təmin etmişdi. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat qeyd edib ki, Azərbaycan qlobal layihələrə münasibətdə özünü beynəlxalq tərəfdaşları qarşısında sınanmış və Prezident İlham Əliyevin vurğuladığı kimi təhlükəsizlik adası kimi təsdiq edib. Belə olan təqdirdə təbii ki, Orta Dəhlizin xüsusən Azərbaycan üzərindən kəçən hissəsində təhlükəsizliyə verilən yüksək qarant yenidən ölkəmizi qlobal mənada həm fiziki daşıyıcı baxımdan, eyni zamanda internet resurslarının, həm də elektron hava çevrəsi tərəfdən uğurlu bir məkan olduğunu dəfələrlə sübut edib. Bu, bir daha göstərir ki, Şimal və Cənubda müxtəlif siyasi məqsədlər naminə, eyni zamanda təhlükəsizlik tədbirlərinin artıq nəzarətdən çıxdığı bir dövrdə Azərbaycanın təklif etdiyi dəhlizdən daha təhlükəsiz alternativ yoxdur. Əlbəttə ki, bütün bunlar Azərbaycanın əhəmiyyətini artırır. 

Dövlətimizin başçısı vaxtında elə geosiyasi konfiqurasiya, elə infrastruktur layihələri formalaşdırıb ki, artıq Azərbaycan həm də Çindən Böyük Britaniyaya qədər bütün beynəlxalq subyektlər üçün həmçinin ən əlverişli formatdır. Bu mənada hesab edirik ki, zamanında Prezident İlham Əliyevin reallaşdırdığı və yaxud da reallaşdırmaq istədiyi layihələrə dırnaqarası baxmaq istəyən, ona qarşı kampaniyaları başladan anti-Azərbaycan qüvvələrin bütün cəhdləri iflasa uğradı. 

Vaxtilə Azərbaycanın qaz ehtiyatının olmaması ilə bağlı davamlı kampaniyalar həyata keçirirdilər. Amma Cənub Qaz Dəhlizi layihəsi bu gün öz təntənəsini yaşayır. O cümlədən digər istiqamətlərdə Azərbaycanı kommunikasiya ölkəsinə çevirən başqa layihələr göstərir ki, Prezident İlham Əliyev zamanında bu addımları necə uğurla, uzaqgörənliklə atıb. Bu gün artıq açıq deməliyik, biz həm layihələrin təbliğatını aparırıq, təşviq edirik. Amma xüsusən qütblərarası mübarizənin, ziddiyyətlərin dərinləşdiyi, təhlükəsizlik tədbirlərinə ehtiyacın artdığı bir vaxtda vəziyyət elə gətirib ki, artıq dünya bu proseslərdə Azərbaycanın təhlükəsiz hab kimi roluna möhtacdır.     

Cavid Əkbər, “İki sahil”