06 mart 2024 19:20
736

Xankəndidə işğal dövründə qanunsuz tikilən binaların sökülməsinə siyasi don geyindirmək absurddur - DEPUTAT

Əlbəttə, bu kimi məsələlərlə yeni siyasi gündəm yaratmaq sadəcə erməni tərəfinin acizliyinin göstəricisidir. Əgər Ermənistanı və yaxud onların havadarlarını həqiqətən tarixi irs maraqlandırırsa, Azərbaycanın neçə əsr tarixi olan 67 məscidindən 63-ü elə 30 illik işğal dönəmində yerlə-yeksan edilib. Hələ də izləri mövcuddur. Onlardan qalan köhnə sənədləşmə prosesləri, ilkin görkəminə dair eskizlər, cizgilər bizdə var. Biz göstərə bilərik, ermənilər bizim hansı mədəni abidələrimizi necə dağıdıblar. Ona görə də Sovet dövründə tikilmiş, sonrakı dövrlərdə müəyyən əlavələr edilmiş hansısa dördkünc bir binanı, hansı ki, həmin bina separatizmin yuvalarından biri olub, bu gün tarixi abidə adlandırmaq və bununla bağlı Azərbaycanın iradəsinə təsir göstərməyə cəhd etmək sadəcə absurddur, qəbuledilməzdir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söylədi.

Deputat bildirdi ki, Azərbaycan bütün şəhərlərini, xüsusən də Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad edəndən sonra ən müasir tikinti və şəhərsalma standartlarına uyğun şəkildə formalaşdırır. O cümlədən də Azərbaycanın, Qarabağın əsas şəhərlərindən biri olan Xankəndinin memarlıq, şəhərsalma planlaması bizim üçün çox vacibdir. Harda gəldi tikilmiş, eyni zamanda, yerli ansambla uyğun olmayan, hətta özündə heç bir mənəvi irsi daşımayan binaların bu gün tarixi abidə adlandırılması yolverilməzdir. Azərbaycan dövlətinin iradəsi ortadadır.

Dövlətimiz öz ərazilərində bütün tarixi abidələrə, o cümlədən xristian irsinə həmişə sahib çıxır. Çünki ortada xristian irsi var, erməni irsi yoxdur. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgəsində olan xristian irsi ölkəmizin öz irsidir. Bu, Azərbaycanın, alban udinlərinin irsidir. Xankəndidə işğal dövründə inşa edilmiş, separatizm yuvası olan qondarma "parlament binası"nın isə mədəni irsə hec bir dəxli yoxdur. Bunu iddia etmək siyasi möhtəkirlikdir. Ümumyyətlə, bu məsələlərə siyasi çalar vermək sadəcə absurddur. Xankəndinin baş planı hələ sovet dövründə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsdiqlənib və Azərbaycan SSR tərəfindən şəhərdə geniş tikinti işləri aparılıb. İşğaldan sonra şəhərin bütün mənzərəsi pozulub, baş plana uyğun olmayan yöndəmsiz binalar tikilib. Qanunsuz tikilən binaların sökülməsinə siyasi don geyindirmək tamamilə əsassızdır. Qanunsuz tikililərin sökülməsi təkcə Xankəndidə deyil, ölkəmizin digər ərazilərində də həyata keçirilir.

Cavid Əkbər, "İki sahil"