07 fevral 2018 23:10
3868

Neft gəlirləri insan kapitalına çevrilirsə...

Bu, danılmaz həqiqətdir ki, neft gəlirlərindən səmərəli istifadə etməyi və neft strategiyasını zamanın tələbinə uyğun qurmağı bacaran ölkələr həm vətəndaş qarşıdurmasından, həm də regional münaqişələrin episentri olmaq təhlükəsindən sığortalanmağı bacarıblar. Təbii ki, zəngin neft ölkəsi olan Azərbaycan bu prinsipləri vaxtında və həm də düzgün qiymətləndirməklə dünyaya modern inkişaf nümunəsi göstərdi. Artıq Azərbaycan neftindən gələn yüz milyonlarla gəlir ölkə vətəndaşlarının elmi, mədəni və sosial inkişafının qarantına çevrilib. Məhz bu amili dəqiq qiymətləndirən Prezident İlham Əliyevin sözlərinə görə, müxtəlif ölkələrin praktikası onu göstərir ki, neft pulla yanaşı, başağrısı da gətirə bilər : “Lakin neft gəlirləri insan kapitalına çevrilirsə, “qara qızıl” başağrısı yox, başucalığı gətirəcək. Artıq Azərbaycan buna nail olub.”

Qeyd edək ki, bu gün dünyanın inkişaf etmiş və nufuz sahibi olan ölkələrində insan kapitalı ÜDM-in 75-80 faizini təşkil edirlər. Dünya İnkişaf Bankının 2016-cı ilin yekunlarına dair ötən il açıqladığı statistikaya görə, insan kapitalının ÜDM-dəki həcminə görə ilk onluqdakı dövlətlər ABŞ, Almaniya, Yaponiya, Çin, Böyük Britaniya, Fransa, İsvecrə, İtaliya, İspaniya və Norveçdir. Bu ölkələrdə insan zəkasının məhsulu olan elektronik məhsullar dünyadakı ÜDM-in 45-50 faizini təşkil edir.

Məsələn, dünyanın ən böyük şirkətlərinin “Samsung”un, “Apple”nin, “Sony”nin, “Mikorsoft”un, “Facebuk”un gəlirləri bir çox ölkələrin illik büdcəsindən bir neçə dəfə çoxdur. Buradan belə bir qəti qənaətə gəlmək mümkündür ki, bu gün artıq neft bumu dövrü deyil, proqramlaşdırma və insan beynini məhsullarının böyük və mütləq çoxluğun alıcısı olduğu dünya bazarlarına ixracının vaxtıdır.     

Təbii ki, bu istiqamətdə Azərbaycan dövlətinin öz porqramı və inkişaf layihələri mövcuddur. Artıq Azərbaycan dövlətinin neft kapitalını insan kapitalına çevrilməsi siyasəti uğurla davam etdirilir.

İlk növbədə ölkəmiz müasir müdafiə sənayesi yaratmaqla və orada istehsal olunan ən müasir silahlarla sübut etdi ki, insan kapitalının yaradılması istiqamətində ilk addımlar atılıb.

Qeyd edək ki, bu gün nazirliyin tərkibində müdafiə sənayesi müəssisələrinin sayı 58-ə, istehsal məmulatlarının çeşidi 1200-ə çatıb. Bu illər ərzində nazirliyin müəssisələrində ümumi məhsul istehsalının həcmi 6,7 dəfə, müdafiə təyinatlı məmulatların həcmi 42 dəfə artıb. Ən mühüm amil isə odur ki, Azərbaycan dövləti artıq istehsal etdiyi silahlarını ixrac edir. Artıq 10 ölkə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsulları öz silahlı qüvvələrində istifadə etmək, hərbi güclərini artırmaq üçün alır. Son 10 ildə hərbi məhsullarımızın  ixrac həcmi 2,7 dəfə yüksəlib.

2017-ci ildə isə yeni iki hərbi zavod açılııb, bu il isə daha 2 hərbi zavodun açlması planlaşdırılır. Həmin zavodlarda artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin isti ştamplanması və mexaniki emalı, həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı reallaşacaq. Müdafiə sənayesi naziri Yavər Camalovun mətbuata açıqlamalarında bildirib ki, 2017-ci ilin 11 ayında respublikanın güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2016-cı illə müqayisədə 7,1 faiz artmışdır. Ən başlıcası isə nazirliyin müəssisələrində istehsal olunan məhsulların çeşidləri 1200-ə çatdırılmışdır.

Qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq öz milli hərbi nəqliyat vasitələrini 2015-ci ildə uğurla sınaqdan çıxarmışdır. Bunlardan təsir gücü artırılmış yeni nəsil qəlpəli-fuqaslı və daha təkmilləşdirilmiş kumulyativ başlıqlı pilotsuz uçuş aparatlarını, Azərbaycanın milli məhsulu olan “Tufan” zirehli maşınını və digərlərini göstərmək olar. Hazırda bu hərbi məhsulların yüksək döyüş qabiliyyətliliyi onlara dünyanın silah bazarlarında böyük maraq yaradıb.

Təbii ki, ölkəmizin müdafiə sənayesi müəssisələri davamlı olaraq yeni silah növlərinin yaradılması və onların döyüş qabiliyyətlərinin artırılması üzərində də səmərəli şəkildə işləyirlər. Belə ki, 2017-ci ildə də 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri davam etdirilib. 11 ay ərzində hərbi müəssisələrimiz tərəfindən 4 məmulat üzrə - xüsusi təyinatlı “Yalquzaq” snayper tüfənginin, F-1 tipli təlim əl qumbarasının, KXP tipli optik kollimatorun və 40 mm-lik əl qumbaraatanının yaradılma işləri tam başa çatdırılmış və istehsalı həyata keçrilmişdir.

Eyni zamanda, xüsusi təyinatlı əl pulemyotunun dövlət sınaqları yekunlaşmış və silahlanmaya qəbul edilməsi tövsiyə olunmuşdur. Bununla yanaşı, QP-25 tipli əl qumbaraatanının, müxtəlif tipli avtomatların ilkin sınaqları keçirilmiş, kiçik çaplı atıcı silahlar üçün 4 növ lülələrin, müxtəlif mm-lik uzaq mənzilli minaatanların, müxtəlif mm-lik atəş yığımları üçün partladıcıların sınaqlarına başlanılmışdır.

Ümumlikdə isə yaradılma işləri üzrə 44 mərhələ tam yerinə yetirilmişdir.

Azərbacan Respublikası Müdafiə Sənayesi Nazirliyi üçün digər uğurlu hadisə onun istehsal etdiyi silahların beynəlxalq  müdafiə sərgilərində böyük marağa səbəb olmasıdır. 2017-ci ilin may ayında Müdafiə Sənayesi Nazirliyi İstanbul şəhərində keçirilən “İDEF-2017” Beynəlxalq müdafiə sərgisində 260 adda məmulat nümayiş etdirmişdir. Həmin beynəlxalq sərgidə  ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa, Türkiyə və digər inkişaf etmiş ölkələr iştirak edirdilər. Bizim hərbi məhsullarımız həmin ölkələrin məhsulları ilə rəqabətaparacaq səviyyədə qəbul edilmişdi. 2018-ci ildə isə bu beynəlxalq sərgi Bakıda keçiriləcək.

Bundan başqa, Mingəçevirdə “Kür” kompuyter istehsalı zavodu açılaraq artıq bir neçə ildir fəaliyyət göstərir. Burada istehsal olunan məhsullar yerli tələbatı ödməklə bərabər, qonşu ölkələrə də ixrac olunur. Azərbaycanın kosmos ölkəsi olması da çox önəmli faktdır. Artıq biz bu uğurla ölkəmizin fəzadakı açılılığına son qoyaraq müstəqil və eyni zamanda, kosmos yayımları ixrac edən ölkəyə çevrilmişik. Eyni zamanda, zavod və fabriklərimizdə aparılan modernləşdirmə ölkəmizdə insan kapitalının formalaşmasından qaynaqlanır.

Təbii ki, bu önəmli siyasətin həyata keçirilməsində, şübhəsiz ki, Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq uğurla həyata keçirdiyi proqram xarakterli iqtisadi islahatlar mühüm rol oynamışdır. Xüsusən, son 14 ildə regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş bir neçə Dövlət proqramları nəticəsində hətta ölkəmizin ən ucqar dağ kəndlərini əhatə edən yeni infrastrukturlar yaradılıb. Məhz qurulmuş bu infrastrukturlar üzərində yeni iş yerlərinin açılması, kadr hazırlığının həyata keçirilməsi, məhsuldarlığın yüksəldilməsi, əhalinin sosial rifah halının yaxşılaşdırılması kimi məsələlər tədricən həll edilib.

Burada çox önəmli bir məsələni də qabartmaq lazımdır ki, 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı isə artıq Azərbaycan regionlarının özünümaliyyələşdirmə imkanlarını gücləndirdi, ölkəmizin qeyri-neft sektorunun inkişafı nəticəsində ixrac potensialı yüksəldi. Xüsusilə ölkəmizə neft ixracından daxil olan valyutaya kənd təsərrüfatı və sənaye məhsullarının ixracından daxil olan valyuta da əlavə olundu.

İnsan kapitalının inkişafında təhsil  əsas amildir. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə 2007-2015-ci illər ərzində 3000-dən çox azərbaycanlı gənc dünyanın müxtəlif aparıcı universitetlərində ali təhsil almaq imkanı əldə ediblər. Ən başlıcası isə  bir çox aztəminatlı ailələrin övladları dövlət və özəl universitetlərdə dövlət vəsaiti hesabına təhsil almaq imkanları qazanıblar.

Neft kapitalının insan kapitalına çevrilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə 3 mindən çox təhsil müəssisəsi tikilmiş, yaxud yenidən qurulmuşdur. O cümlədən ən müasir avadanlıqlarla təmin edilmiş 600-dən çox tibb müəssisəsi ölkə vətəndaşlarının sağlamlığının keşiyindədir. Ən müasir infrastruturların yaradılmasına görə Azərbacan dövləti MDB məkanında ilk yerlərdədir. Statistik məlumatlarda bildirilir ki, sözügedən dövr ərzində rayonlarımızda həyata keçirilən infrastruktur layihələrinə dövlət büdcəsindən 50 milyard dollardan çox vəsait xərclənib.

Neft kapitalının insan kapitalına çevrilməsinin nəticəsidir ki, Dünya Bankı tərəfindən dərc edilən “Doing Business” hesabatında 2009-cu ildə Azərbaycan ən islahatçı ölkə, 2016-cı ildə isə Asiyada 3-cü, dünyada isə daha çox islahat aparan 29 ölkədən biri olmuşdur.

Elçin Zaman, “İki sahil”