“Azərbaycanla Qazaxıstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Qazaxıstan Prezidentinin ölkəmizə səfəri, bu səfər çərçivəsində imzalanmış sənədlər bunu bir daha təsdiq edir”.
Bu fikirləri, “İki sahil”ə eksklüziv açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Millət vəkili vurğulayıb ki, Qazaxıstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Yüksək səviyyəli siyasi əlaqələr iqtisadi münasibətlərin də inkişafına yaxşı zəmin yaradıb.
Deputat qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi 2023-cü ildə 598,47 milyon dollar təşkil edib. Qarşılıqlı olaraq yatırılan investisiyaların həcmi də göstərir ki, iqtisadi əlaqələr qarşılıqlı maraqlara əsaslanır: Qazaxıstandan Azərbaycana qoyulan investisiyaların həcmi 102,2 milyon dollar olub, Azərbaycandan isə Qazaxıstana 205,2 milyon dollar investisiya qoyulması iqtisadi əlaqələrin çox mühüm göstəricilərindən biridir: “Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, Orta dəhliz kimi qlobal əhəmiyyətli layihələrdə Azərbaycanla Qazaxıstanın sıx əməkdaşlığı hər iki ölkənin regionda rolunu, strateji əhəmiyyətini artırır. Azərbaycan Prezidenti də öz çıxışında vurğuladı ki, TransXəzər nəqliyyat marşrutunu dünya nəqliyyat-logistika spektrinə çıxaran indiki geosiyasi şərait möhkəm bazaya malikdir və hər iki ölkə bu sahəyə böyük investisiyalar sərf edib. Bu baxımdan, Azərbaycanla Qazaxıstan arasında münasibətlərin iki ölkənin xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlara əsaslandığını qeyd etməklə yanaşı, bu əlaqələrin geosiyasi kontekstini də xüsusi vurğulamaq lazımdır”.
Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq Azərbaycan-Qazaxıstan əlaqələrinin çox geniş spektrə malik olduğunu göstərir.
S.Məmmədov qeyd edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq Azərbaycan-Qazaxıstan əlaqələrinin çox geniş spektrə malik olduğunu göstərir. Bu çərçivədə əlaqələrin inkişafı strateji tərəfdaşlığı və müttəfiqliyi möhkəmləndirir: “İki ölkənin bir çox sahələrdə üst-üstə düşən maraqları var. Eyni zamanda, bu gün dünyada baş verən proseslər, ziddiyyətli, mürəkkəb hadisələr bu tərəfdaşlığın hər iki tərəf üçün əhəmiyyətini artırır.
Deputat bildirib ki, Füzuli şəhərində Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının rəmzi kimi qiynmətləndilir. Bu, Azərbaycan dövləti və xalqı üçün xüsusi mənəvi əhəmiyyətə malik mühüm bir hadisədir.
Yaqut Ağaşahqızı, “İki sahil”