06 fevral 2018 01:25
1977

Regionlarda aqroparkların sayı daha da artacaq

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu və səmərəli sosial-iqtisadi siyasət həyata keçirilir. Bu siyasətin nəticələri ölkə həyatının bütün sahələrində özünü göstərir. İstehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sənaye potensialının artırılması istiqamətində görülən işlər, həmçinin qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi tədbirlər dayanıqlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

“Prezident seçildikdən sonra Azərbaycanın bütün bölgələrinin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən cənab İlham Əliyev bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib. İndiyədək respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da müvəffəqiyyətlə yerinə yetirilir.” Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Cavid Osmaov bildirib.

Milli Məclisin deputatı Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışını şərh edərkən vurğuladı ki, bu gün Azərbaycan dövləti istər dayanıqlı iqtisadiyyatına, istərsə də regionların qısa zaman kəsiyində böyük inkişafına görə dünyaya yeni bir model təqdim edir. Prezident İlham Əliyevin müəllifi olduğu bu iqtisadi model Azərbaycanın son illərdə sıçrayışlı inkişafını təmin edib və yeni nailiyyətlərə zəmin yaradıb.

C.Osmanov diqqətə çatdırdı ki, konfransda səsləndirilən fikirlər bir daha təsdiq edir ki, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir: “Əldə olunan uğurlara ilk növbədə dövlətimizin başçısının yürütdüyü siyasət nəticəsində nail olunub. Son 14 ilin nəticələri də bu reallığı təsdiqləyir. Belə ki, bu dövrdə iqtisadiyyatımız 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb. Sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında isə 1,7 dəfə artım müşahidə olunur. Qeyri-neft ixracımız 4,1 dəfə artıb.” 

Milli Məclisin deputatı “Qeyri-neft sektorunun əsas hədəflərdən biri olan kənd təsərrüfatının inkişafını necə dəyərləndirirsiz” sualına cavabında qeyd etdi ki, 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icrası çərçivəsində aqrar sektorda daha böyük həcmlərdə istehsal imkanlarının yaradılmasına hesablanan çoxsaylı layihələr həyata keçirilib: “Kənd təsərrüfatının inkişafı dövlətin aqrar siyasətinin əsas prioritetlərindən biridir. Aqrar sahənin inkişafı ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıqlar, göstərişlər bu sahə ilə məşğul olanlara stimul verir. Son illərdə regionlarda müasir kənd təsərrüfatı subyektlərinin yaradılması ölkəmizdə aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsinə yaxşı nümunədir. Perspektivdə Azərbaycanın bölgələrində aqroparkların sayı daha da artacaq. Hazırda ölkə ərazisində aqroparkların yaradılması güclü şəkildə təşviq olunur. Yeni yaradılan aqroparklar həm bitkiçilik, həm də heyvandarlıq istiqamətlidir. Hazırda 28 rayonda 43 aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan bir neçəsi artıq fəaliyyətə başlayıb. Onlardan 27-si bitkiçilik, 16-sı isə heyvandarlıq üzrə aqroparklardır. Ölkəmiz yeni yaradılacaq və fəaliyyətdə olan aqroparklar nəticəsində biz ərzaq təhlükəsizliyi ilə bağlı olan əsas məsələləri həll edəcək. Həmçinin kənd təsərrüfatında istifadə olunan texnikalarla bağlı bu il 160 milyon manat vəsait nəzərdə tutulub. Müxtəlif texnikalar - taxılbiçən, pambıqyığan kombaynlar, traktorlar, qoşqular, digər xüsusi texnikalar alınması nəzərdə tutulur.”

S.Osmanov vurğuladı ki, pambıqçılıq, baramaçılıq, fındıqçılıq, üzümçülük, tütünçülük, zeytunçuluq, çayçılıq, çəltikçilik, sitrusçuluq, şəkər çuğunduru istehsalı və digər sahələrdə də görülən işlər artıq nəticə verir.

Orxan Vahidoğlu, “İki sahil”