05 fevral 2018 21:29
1958

Bərdə rayonunun Lənbəran kəndinə təbii qaz verilib

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir.

Bu baxımdan da fevralın 3-də Bərdə rayonunun Lənbəran kəndinə  təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur.

Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, SOCAR-ın vitse-prezidentləri, “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, Milli Məclisin deputatı Zahid Oruc, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, ümumilikdə 930 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 122 min 886 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı həmçinin məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir mənzilə  sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 

Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik etmiş, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmışdır. Qeyd etmişdir ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR prezidenti bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır. 

Çıxış edən ictimaiyyət nümayəndələri kəndə  təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.

Daha sonra yaşayış məntəqəsinə təbii qazın verilməsini bildirən rəmzi məşəli alovlandıran SOCAR-ın prezidenti Rövnəq Abdullayev yaxınlıqdakı evlərdən birinin mətbəxində olmuş, ev sahiblərini təbrik etmiş, əhalinin qazla davranış və təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsi işləri ilə maraqlanmışdır.