05 fevral 2018 20:31
2840

Neft Daşlarında YAP-a yeni üzv olanlara vəsiqələr verilib

Qoçalı Mahmudov: İnanırıq ki, cənab İlham Əliyev yenidən ölkəmizin Prezidenti seçiləcək və Azərbaycan uzun illər sabitlik, inkişaf yolu ilə gedəcək

YAP “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatının yığıncağı keçirilib. Toplantıda bir sıra məsələlər müzakirə edilib, gələcək perspektivlər müzakirə olunub.

SOCAR-ın “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ-dən “İki sahil”ə verilən məlumata görə, YAP “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatının sədri Qoçalı Mahmudov bildirib ki, YAP cəmiyyətdə böyük nüfuza sahib olan partiyadır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib: “İqtidar partiyası olaraq, Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, qarşıda dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib. Sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir. Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər partiya mövcud deyil. Azərbaycan Respublikasının Prezidenti, partiyamızın Sədri İlham Əliyevin vurğuladığı kimi, artıq Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir.  Yeni Azərbaycan Partiyası bütün məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib.” 

Q.Mahmudov qeyd edib ki, artıq bu il keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi müəyyən edilib: “Sözsüz ki, möhtərəm Prezidentimiz İlham Əliyev yenidən Yeni Azərbaycan Partiyasının namizədi kimi irəli sürülüb. Məhz dövlətimizin başçısının uğurlu fəaliyyəti nəticəsində ötən 14 ildə mühüm islahatlar həyata keçirilib, müsbət göstəricilər qazanılıb. Elə neft-qaz sektorunda əldə olunan uğurları sadalasaq, bir daha bunun şahidi olarıq.”

Q.Mahmudov əlavə edib ki, ölkəmizin başçısı növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında Sərəncam imzalayıb: “Sərəncama əsasən, növbədənkənar Prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub. İnanırıq ki, cənab İlham Əliyev yenidən ölkəmizin Prezidenti seçiləcək və Azərbaycan uzun illər sabitlik, inkişaf yolu ilə gedəcək. Bunun üçün YAP-ın ərazi ilk partiya təşkilatı olaraq biz də öz üzərimizə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməliyik. Bu yolda hər birinizə uğurlar arzulayıram.”    

Yığıncaqda çıxış edən YAP “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatının sədr müavini Əhməd Musayev, təşkilatın üzvü Hatəm Baxşıyev seçkilərlə bağlı qarşıda duran vəzifələrdən bəhs ediblər. Toplantıda YAP-a yeni üzv olanlara vəsiqələr təqdim edilib.