Ağdam rayonunda əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür, hər il yeni subartezian quyuları qazılaraq istifadəyə verilir.
Rayon mexaniki suvarma idarəsinin rəisi Hafiz Əzimzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Ağdamda 35,4 min hektar əkin sahəsi 840 ədəd subartezian quyusu, 6 nasos stansiyası, 11 kəhriz, 365 kilometr suvarma kanalı vasitəsilə suvarma suyu ilə təmin edilir. Son 5 ildə isə rayon əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 105 yeni subartezian quyusu qazılaraq istifadəyə verilib.
Prezident İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, 2017-ci ildə rayonun Birinci Yüzbaşılı, Mahrızlı, Sarıcalı və Təzəkənd kəndlərində 4 yeni subartezian quyusu qazılıb. Yeni subartezian quyularının istifadəyə verilməsi ilə rayonun 120 hektar əkin sahəsi suvarma suyu ilə təmin ediləcək. Hazırda Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, rayonun Ergi ərazisində “Ergi-1” və “Ergi-2” nasos stansiyalarında əsaslı təmir işləri aparılır.