SOCAR-ın əməkdaşları Qazaxıstanın “Edil-Oral” təlim mərkəzinin sertifikatlarını alıb
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Qazaxıstanın “Edil-Oral” təlim mərkəzinin nümayəndəsi Serik Amangaleyev ilə görüş keçirilib.
İdarədən bildirilib ki, görüş zamanı Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov beynəlxalq standartların tələbləri səviyyəsində SOCAR-ın müəssisələrinin fəaliyyətinin uyğunluğunun təmin edilməsi və sertifikatlaşdırma işlərindən danışıb. F.Süleymanov idarə tərəfindən qazanılmış İSO 9001, OHSAS 18001, İSO 14001, İSO/İEC 17024, İSO/İEC 17025, İSO 9606, İSO 29990 standartları, Böyük Britaniyanın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İnstitutunun (IOSH) Təhlükəsiz idarəetmə təlim kursu üzrə lisenziyanın, OPITO-nun BOSIET/FOET/HUET təlim kursu üzrə akkreditasiyanın vacibliyini diqqətə çatdırıb. O, təlim və kadr hazırlığı istiqamətində xarici şirkətlərin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi ilə əməkdaşlığının cari vəziyyətinə toxunub.
Qazaxıstanın “Edil-Oral” təlim mərkəzinin nümayəndəsi S.Amangaleyev təmsil etdiyi qurum haqqında məlumat verib. O, işlədiyi qurum tərəfindən Qazaxıstanda standartların tətbiqi və sertifikatlaşdırma sahəsində yerinə yetirilmiş çoxsaylı xidmətlərin neft-qaz və neft-kimya sənayesində aktual əhəmiyyət kəsb etdiyini bildirib. Eyni zamanda, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin potensialından istifadə edilməklə “Edil-Oral” təlim mərkəzi tərəfindən ATEX 95-137 standartının tələbləri səviyyəsində sənaye zonalarında elektrik və ya partlayış təhlükəsizliyi normalarına uyğunluğun yoxlanılmasının, yeni metodoloji konsepsiyanın tərtib edilməsinin və zona təsnifatı üzrə ixtisaslaşdırılmış yoxlamaların aparılmasının mümkünlüyünü vurğulayıb.
Həmçinin kranların və elektrik avadanlıqlarının inspeksiyası, eləcə də elektrik və nəzarət-ölçü cihazları ilə işləyən mühəndis-texniki heyətə IEC Ex 60079 standartlarına uyğun olaraq təlimlərin keçirilməsi və onların sertifikatlaşdırılmasının perspektivləri müzakirə edilib.
Daha sonra Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin “Edil-Oral” təlim mərkəzi tərəfindən keçirilmiş COMPEX kurslarını müvəffəqiyyətlə bitirmiş iki nəfər əməkdaşına sertifikatlar təqdim olunub.