02 fevral 2018 15:35
1019

Paytaxt ilə bölgələr arasında fərq minimuma enib

Əhalinin sosial müdafiəsınin gücləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması dövlət siyasətinin əsasını təşkil edir. Yanvarın 29-da Prezident İlham Əliyevin iştirakı ilə keçirilən regionların  2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlətimizin başçısı qeyd etdi ki, yüksək nəticələrə ictimai-siyasi sabitlik  sayəsində nail olunub. Dünyada baş verən mürəkkəb, ziddiyyətli proseslər fonunda Azərbaycanda sabitlik hökm sürür, milli həmrəylik var. Bu amillər isə inkişafımızın əsasını təşkil edir.

Ölkəmizdə davamlı olaraq uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində bölgələrimizin siması günbəgün yaxşılığa doğru dəyişmişdir. Paytaxt ilə bölgələr arasında fərq demək olar ki, minimuma enib.

Milli Məclisin deputatı Tahir Rzayev “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, ölkədə həyata keçirilən dövlət proqramları çərçivəsində tədbirlər regionların günbəgün abadlaşmasında əsaslı rol oynayıb. Qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsinə, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına səbəb olub. Sahibkarlığın inkişafına, infrastrukturun daha da müasirləşdirilməsinə, yoxsulluğun səviyyəsinin minimuma endirilməsinə zəmin yaradıb. Dövlət proqramları çərçivəsində qeyri-neft sektorunun inkişafında dönüş yaranmış, bunların nəticəsində isə çoxlu yeni iş yerləri açılmışdır. Ötən bu dövrdə iqtisadiyyatımız 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb. Sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında isə 1,7 dəfə artım müşahidə olunub. Qeyri-neft ixracımız 4,1 dəfə artıb.

Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb, üçüncü Dövlət Proqramı da müvəffəqiyyətlə yerinə yetirilir. Ölkə rəhbərinin vurğuladığı kimi, son 14 il ərzində 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib, yaxud təmir edilib. Qarşıdakı dövrdə də investisiya proqramına əsasən sosial infrastruktur layihələri  uğurla  davam etdiriləcək.

T. Rzayev həyata keçirilən iqtisadi islahatların uğurla reallaşmasına diqqət çəkərək bildirdi ki, regionlarda müasir təsərrüfat subyektlərinin yaradılması nəticəsində respublikamızda iri fermer təsərrüfatlarının uğurları getdikcə artır. İndiyədək dövlət başçısının tapşırığına uyğun olaraq ölkəmizin 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 181 milyon manat olan bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat dövlət güzəştli kreditləri verilib. İri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektardan arpa və buğda üzrə 58-60, qarğıdalı üzrə isə təxminən 120 sentner təşkil edir. Regionlarda istixanaların salınması da çox geniş vüsət alıb. Hazırda 400 hektardan çox sahədə yeni, müasir istixana kompleksləri yaradılır. Artıq bölgələrdə fəaliyyətə başlayan istixanalarda yüksək məhsuldarlığa nail olunur.

Dövlət başçımızın tapşırığı əsasında bölgələrdə yeni aqroparklar salınır.  Yeni yaradılan aqroparklar həm bitkiçilik, həm də heyvandarlıq istiqamətlidir. Yaradılacaq aqroparkların fəaliyyəti nəticəsində kənd təsərrüfatında daha böyük nəticələr əldə olunacaq. 

Bu gün bölgələrdə ixracyönümlü məhsul istehsalına maraq əhəmiyyətli dərəcədə artıb. Hərtərəfli dövlət dəstəyindən, güzəştli kreditlərdən, subsidiyalardan bəhrələnən fermerlər onlara məxsus torpaq sahələrindən daha səmərəli istifadə etməyə, məhsuldarlığı artırmağa və xarici bazarlara daha böyük həcmlərdə rəqabətqabiliyyətli məhsul çıxarmağa çalışırlar. Respublikamızın coğrafi-iqlim xüsusiyyətləri elədir ki, burada yüksək rəqabət qabiliyyətinə malik məhsul yetişdirmək üçün hər cür imkan vardır. Digər tərəfdən, geniş ixrac bazarları ilə əhatə olunması ölkəmizin böyük üstünlüyüdür. Bu bazarlarda Azərbaycanın keyfiyyətli meyvə-tərəvəz məhsullarını yaxşı tanıyır və yüksək qiymətləndirirlər. Respublikamızın qarşıya qoyduğu məqsəd isə həm ənənəvi satış bazarlarında mövqelərini daha da möhkəmləndirməkdən, həm də yeni bazarlara çıxmaqdan ibarətdir. Əsas məqsədimiz “Made in Azerbaijan” brendinin təşviqi məqsədi ilə vacib tədbirlər həyata keçirməkdir.

Milli Məclisin deputatı bölgələrin sosial-iqtisadi inkişafından danışarkən  Ağcabədi rayonunda son illərdə baş verən mühüm müsbət dəyişikliklərə də diqqət çəkdi. Bildirdi ki, Ağcəbədi rayonu sosial-iqtisadi baxımdan respublikanın ən inkişaf edən rayonlarından biridir. Rayonumuzda hazırda böyük sənaye müəssisələri tikilib istifadəyə verilir, eləcə də aqropark yaradılır. Ötən  il Prezident İlham Əliyev rayonumuza  səfəri çərçivəsində bir sıra müəssisələrin açılışını etdi. Onların sırasında çörək zavodunun, Olimpiya-İdlman Mərkəzinin, Dövlət  Bayraq Muzeyinin açılışını xatırlada bilərəm.  Ümumiyyətlə, Prezident İlham Əliyev dəfələrlə Ağcabədi rayonunda səfərdə olub və 20-dən çox müəssisənin, obyektin  açılışında iştirak edib. Hazırda rayonda su-kanalizasiya layihəsi bitmək üzrədir. Ağcabədi respublika üzrə ən çox pambıq istehsal edən  rayonlardan biridir. Bu gün rayonda elektrik enerjisi problemi yoxdur. Rayonun əksər kəndləri asfaltlaşdırılıb, qazlaşdırılıb. Bütün bölgələrimizdə olduğu kimi, Ağcabədi əhalisinin həyat səviyyəsini daha da yaxşılaşdırmaq üçün görülən işlər bundan sonra da davam etdiriləcək. Həyata keçirilən yeni iqtisadi siyasətin nəticəsində ölkəmizdə əhalinin sosial rifahının yüksəldilməsinə yönəlik işlər səmərəli nəticələr verəcək. Bu sahədə möhkəm bünövrə qoyulub, insanların etibarlı və layiqli həyatının təmin edilməsi üçün sosial məsələlər ön sırada  dayanır.

Şəmsiyyə Əliqızı,
Şəfiqə Dadaşova, “İki sahil”