Trans-Anadolu qaz boru kəmərinin operatoru olan TANAP şirkəti Türkiyədə daha bir sosial layihəyə başlayır.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, TANAP-ın sosial və ekoloji sərmayə proqramı üzrə Türkiyənin Milli Təhsil Nazirliyi və “Tohum” Autizm Vəqfi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Təhsilə uzanan yol” layihəsi autizmli uşaqlara ixtisaslı təhsil aşılanması və autizmə diqqəti yönəltmək məqsədi daşıyır.
TANAP-ın birbaşa investisiya ilə dəstəklədiyi 6 layihədən biri olan “Təhsilə uzanan yol” layihəsi boru kəmərinin keçdiyi Türkiyəni 11 şəhərində - Ərdahan, Qars, Yozgat, Ərzincan, Giresun, Ankara, Sivas, Kırıkkale, Kütahya, Balıkəsir və Ədirnədə həyata keçiriləcək. Layihə üzrə həmin şəhərlərdə müəllimlərin peşə vərdişlərinin artırılması, ailələrinin və bölgə sakinlərinin autizm mövzusunda məlumatlandırılması və maarifləndirmə işləri aparılacaq. Həmçinin layihə çərçivəsində 11 şəhərdə ümumilikdə 33 xüsusi sinif otağının qurulması və beynəlxalq standartlara uyğun formada avadanlıqlarla təchizatı təmin ediləcək.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və oradan da Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. Layihə iki fazada həyata keçirilir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin bu il istismara verilməsi nəzərdə tutulur. Layihənin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. Lakin layihənin ilkin qiymətləndirilməsində bu rəqəm 11,7 milyard dollar idi. Bu da o deməkdir ki, layihənin icrası çərçivəsində indiyədək təxminən 3,8 milyard dollara qənaət edilib. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.