27 mart 2024 21:18
396

ABŞ və Avropa Cənubi Qafqazı odun-alovun içinə sürükləyir - AÇIQLAMA

Aprelin 5-də ABŞ, Avropa Komissiyası və Ermənistanın keçirəcəyi üçlü görüş əlbəttə ki, birmənalı olaraq Cənubi Qafqaz bölgəsində çox diqqətlə izlənilir və deyərdim ki, əlavə narahatlığa da səbəb olur. Çünki Ermənistan bəlli olduğu kimi, Azərbaycan torpaqlarını uzun illər işğal altında tutmuş, ölkəmizə maddi və mənəvi zərər vurmuş, insanları soyqırıma uğratmış bir tərəfdir. Təbiidir ki, 44 günlük bir savaş nəticəsində Azərbaycan torpaqları Ermənistanın işğalından azad edilmiş olsa da, bu ölkə ilə hələ də sülh sazişi imzalanmayıb. Ona görə də üçüncü tərəflər Ermənistanla hər hansı yüksək səviyyəli danışıqlar və görüşlər keçirərkən mütləq Azərbaycanın da maraq və mənafelərini nəzərə almalıdırlar.

Bu fikirləri “İki sahil”ə açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Azər Həsrət qeyd edib ki, bu baxımdan belə bir yüksək səviyyəli görüşdə sadəcə olaraq ABŞ, Avropa Komissiyası və Ermənistan formatı deyil, əslinə qalanda Azərbaycanın da iştirakı məqsədəuyğun olardı. Yəni, doğrudan da ABŞ və Avropa Komissiyası Cənubi Qafqaz bölgəsi üçün faydalı nəsə etmək istəyirsə, təbiidir ki, Azərbaycanla da məsləhətləşmələr aparılmalı, danışıqlar keçirilməlidir.

Amma biz bu halda görürük ki, ABŞ və Avropa Komissiyası Ermənistanla görüşür. Hətta belə bir məlumatlar da var ki, hərbi paktın imzalanması ətrafında müzakirələr gedəcək. Bu, əlbəttə ki, bizim bölgəmizin, Cənubi Qafqazın odun-alovun içərisinə sürüklənməsi deməkdir. Yəni, Qərbdən verilən dəstəklə Ermənistandakı revanşist qüvvələrin baş qaldırmasına səbəb olacaqlar ki, bu da nəticə etibarı ilə Ermənistanı yeni müharibəyə həvəsləndirə bilər. Əlbəttə ki, Azərbaycan müharibədən qorxmur, çəkinmir, yenə də ermənilərə cavab verəcək gücümüz var və bu, həmişə belə olacaq. Sadəcə biz istəmirik ki, növbəti müharibələr olsun. Bu məsələdə Qərbin davranışları ciddi şübhələr doğurur və təəssüfə səbəb olur. O baxımdan düşünürük ki, Qərb, o cümlədən ABŞ, eləcə də Avropa Komissiyası bütövlükdə Cənubi Qafqazla bağlı hər hansı addım atarkən mütləq şəkildə tərəflərə bərabər məsafədə yanaşmalıdır. Əks təqdirdə birtərəfli yanaşma bölgədə sabitliyin pozulmasına gətirib çıxara bilər.

Cavid Əkbər, “İki sahil”