28 mart 2024 12:12
282

Baltimorda gəminin qəzaya uğramasının səbəbi çirkli yanacaq ola bilər - VİDEO

ABŞ-ın Baltimor şəhərində Frensis Skott Key körpüsünün uçmasına səbəb olan qəzada yük gəmisinin niyə idarədən çıxdığı araşdırılır.

Toqquşmadan dərhal sonra 2,6 kilometr uzunluğunda olan körpü uçub və 6 yol işçisi suya düşərək ölüb. Altı nəfərdən ikisinin cəsədi çərşənbə günü tapılıb.

“İki sahil” xəbər verir ki,  bu haqda Türkiyənin "Hurriyet" nəşri məlumat yayıb.

Sinqapur bayraqlı yük gəmisi “Dali” Şri-Lankanın paytaxtı Kolomboya gedirdi. Limandan çıxandan dərhal sonra gəmi idarəetmədən çıxıb.

Ümid edilir ki, gəminin naviqasiya qeydi vasitəsilə qəzanın səbəbləri aydınlaşdırılacaq. Mütəxəssislər bildirirlər ki, hadisədə bəzi səbəblər, o cümlədən keyfiyyətsiz yanacağın rolu ola bilər.

Hadisəyə aid videoda “Dali”nin toqquşmadan bir neçə dəqiqə əvvəl idarəetməsinin itdiyi görünür. Bildirilib ki, elektrik enerjisinin kəsilməsi gəminin heyətinin sükan idarəetməsini itirməsinə səbəb ola bilər. Gəminin gücünü itirməsində çirklənmiş yanacağın rolunun olub-olmadığının da araşdırılacağı deyilir.

Xatırladaq ki, körpünün nəhəng konteyner gəmilərindən əvvəlki dövrdə inşa edilməsi də səbəblərdən biri kimi göstərilir.

Frensis Skott Key körpüsü təxminən 50 il əvvəl tikilib və Baltimorun simvollarından biridir.