30 mart 2024 01:30
666

Cənubi Qafqazda ikinci Ukrayna ssenarisi

Yaxud ABŞ və Avropa İttifaqı Cənubi Qafqazı fəlakətə sürükləyir

 İkinci Qarabağ müharibəsindəki tarixi Zəfəri ilə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində öz suverenliyini tamamilə bərpa edən Azərbaycanın güclənməsini, müstəqil siyasət yeritməsini həzm edə bilməyən ABŞ və bəzi Avropa ölkələri Cənubi Qafqazla, eləcə də respublikamızla bağlı məkrli niyyətlərini Ermənistan kimi satellitlərinin vasitəsilə reallaşdırmağa çalışırlar. Əvvəllər də dəfələrlə qeyd etmişik ki, Qərbin Azərbaycana qarşı qərəzli münasibəti vahid mərkəz tərəfindən formalaşdırılır.

  Qərbin 30 ildən artıq müddətdə ölkəmizlə, eləcə də regionla bağlı məkrli, qərəzli, riyakar siyasəti hazırda özünün pik nöqtəsinə çatıb. ABŞ-ın və Avropa İttifaqının (Aİ) öz geosiyasi maraqları naminə Ermənistan üzərindən regionda sabitliyi pozmaq, bölgəni geosiyasi qarşıdurma məkanına çevirmək, Cənubi Qafqazda ikinci Ukrayna ssenarisinin təkrarlanması, Rusiyaya qarşı yeni cəbhənin açılması istiqamətində atdıqları addımlar bunu bir daha təsdiq edir. Bu təhlükəli oyunda Ermənistan bir vasitə kimi istifadə edilir. Aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan görüşünün təşkil edilməsinə də məhz bu müstəvidən baxmaq lazımdır.

Birmənalı demək lazımdır ki, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin, ABŞ-ın Dövlət katibi Entoni Blinkenin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçiriləcək bu görüş regionda sülhü və təhlükəsizliyi təhdid edir. Aşkar şəkildə görünür ki, Qərb bölgəni yeni qeyri-sabitliyə, qarşıdurma və fəlakətə sürükləyir. Xüsusi qeyd olunmsa da, görüşdə söhbətin faktiki hərbi paktdan gələcəyi açıq-aşkar ortadadır. Ekspertlərin də bildirdiyi kimi, birtərəfli və qərəzli xarakter daşıyan və ikili standarlar yanaşmasına əsaslanan bu tədbir regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır, Cənubi Qafqazda sülhə və təhlükəsizliyə böyük zərbə vurur. Görüşdə Ermənistana Aİ üzvlüyünə namizəd ölkə statusu təqdim olunması, Avropa Sülh Fondundan (EPF) Ermənistana zəruri vəsait ayrılması, Aİ ölkələrinin Ermənistana ikitərəfli hərbi-texniki yardımları ünvanlaması, Ermənistanın müdafiə qabiliyyətinin yüksəldilməsi üçün birgə hərbi təlimlər və treninqlər keçirilməsi, Ermənistanın sərhədləri üzərində nəzarətin gücləndirilməsi, Ermənistana Avropa Energetika Birliyinin üzvlüyü təklif edilməsi, Ermənistanın ərzaq təhlükəsizliyinin təminatının gücləndirilməsi, Avropa İttifaqı ilə bu ölkə arasında viza rejiminin liberallaşması ilə bağlı danışıqlara başlanması, Ermənistanın Avrasiya İqtisadi Birliyini tərk etməsində ona yardımlar göstərilməsi, Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) heyətinin və imkanları artırılması kimi məsələlərin müzakirə olunması deyilənləri bir daha təsdiq edir. Rusiyanın “Voennıy Osvedomitel” portalının yaydığı məlumata görə, ABŞ və Avropa İttifaqı Ermənistana təhlükəsizlik zəmanətləri vermək üçün pakt imzalamağa hazırlaşır. Həm də söhbət hərbi paktdan gedir.

 Burada iki məqam diqqəti çəkir. Birincisi, birmənalı demək olar ki, Qərbin əlində maşaya çevrilən Ermənistanın bu hərəkətləri Rusiyaya qarşı növbəti demarş kimi qiymətləndirilir. Rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis, təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylov məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, Ermənistanla Qərb arasında imzalanacaq bu pakt Rusiyanın milli maraqlarına birbaşa təhdiddir: “Biz hələ də Ermənistanı razı salmağa çalışırıq. Biz danışarkən münasibətlərimizdə ziddiyyətli məqamlar olur. Ermənistan Ukraynanın əvvəllər tutduğu yolla gedir. Ukrayna da Moskva ilə dost ola, razılığa gələ bilərdi və heç nə baş verməzdi. Qərb Kiyevi aldatdı. Qərb Paşinyanın simasında indi də Ermənistanı aldadır. Moskva Ermənistan rəhbərliyinin bütün şıltaqlıqlarına hələ də dözür. Ancaq hər şeyin qırmızı xətti var. Qırmızı xəttin nə vaxt gələcəyini, Ermənistanın dövlətçiliyinin itirilməsi mərhələsinin başlayacağını anlamaq maraqlı olacaq”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun məşhur “İzvestiya” qəzetinə verdiyi müsahibəsi əslində Rusiyanın Ermənistana diplomatik müharibə elan etməsi kimi dəyərləndirilə bilər. Şübhəsiz, Rusiya Cənubi Qafqaz kimi strateji coğrafi mövqeyə malik olan regionda uzun illərdən bəri əldə etdiyi mövqeləri qorumaq üçün hücum planı da daxil olmaqla hər cür vasitədən istifadə edəcək. Hətta rəsmi Moskava bölgəni təsir dairəsində saxlamaq üçün Rusiyanın düşmənləri ilə hərbi-siyasi akt imzalayacaq Ermənistanda Ukrayna ssenarisini də təkrar edə bilər.

İkinci məqama gəldikdə isə qeyd edək ki, Ermənistanla Qərb arasında imzalanacaq bu pakt Azərbaycana hərbi təzyiq və müdaxilə planının tərkib hissəsi olmaqla yanaşı, həm də rəsmi İrəvanı revanşa hazırlaşdırır. Məsələ burasındadır ki, ABŞ və Avropa hələ də Azərbaycanın güclənməsi, öz ərazilərini azad edərək suverenliyini bərpa etməsi ilə barışa bilmir. Bundan başqa, qırx dörd günlük müharibədən sonra Qərb Qarabağda “Kosovo variantı” hazırlayırdı. Kollektiv Qərb bu səbəbdən düz 3 il ərzində “Humanitar fəlakət” bəhanəsi ilə Azərbaycana və şəxsən Prezident İlham Əliyevə qarşı ciddi təzyiq kampaniyası apardı. Ölkəmizdə qanunsuz maliyyələşmə ilə yaratdıqları informasiya resurslarını gücləndirirlər. Həmçinin avropalı siyasətçilər Qarabağa qanunsuz səfərlər etdilər. Təbii ki, bütün bu cür məkrli planlar nəticəsiz qaldığından indi həmin dairələrdə açıq şəkildə hərbi planlar qurulur.

 Bu bir gerçəklikdir ki, ABŞ və Avropa regionda münaqişə ocağı yaratmaq üçün Ermənistandan bir vasitə kimi istifadə edib. Belə ki, ötən əsrin 80-ci illərinin sonunda SSRİ-yə qarşı siyasətdə Qərbdəki erməni lobbisi ilə məlum dairələrin müttəffiqliyi ilə Qarabağda Ermənistanın əli ilə qanlı münaqişələr başladıldı. Bütün bunlar bir daha deməyə əsas verir ki, ABŞ aprelin 5-də Brüsseldə XX əsrin əvvəllərində mövcud olan bədnam və məkrli “Vudro Vilson planı”nı işə salaraq nəhəng bir coğrafiyanı təhdid edən “böyük Ermənistan”ı müzakirəyə çıxarmaq istəyir.

 Bütün bunların fonunda deyə bilərik ki, Ermənistanla Qərb arasındakı imzalanması gözlənilən pakt Azərbaycanla yanaşı, ümumilikdə region ölkələrinə qarşı yönəlib. Ancaq nədənsə dəfələrlə regiona aid məsələlərin yalnız bölgə ölkələri tərəfindən həll edilməsini bəyan edən, bu coğrafiyaya kənar qüvvələrin müdaxiləsini özünün “qırmızı xətti” adlandıran İran baş verənlərə hələ də münasibət bildirməyib. Görəsən Tehran hökumətini, onun yandaş mediasını, əmmaməli ekspertlərini, “siyasətşünaslar”nı susmağa vadar edən nədir? Axı başqa vaxt molla rejimi kənar qüvvələrin regiona gəlişini və ya müdaxiləsini İranın “qırmız xətti”nə təcavüz kimi qiymətləndirir…

Zahid Rza, “İki sahil”