Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var.
Prezident İlham Əliyevin bu fikirləri bir daha sübut edir ki, bu gün həqiqətən də Ermənistanda revanşistlər iş başındadır. Onlar maksimum dərəcədə təbliğat və təşviqat aparırlar ki, hayları yenidən Azərbaycana qarşı qaldırsınlar. Revanşistlər hazırda Azərbaycanın ilkin mərhələdə anklav olmayan 4 kəndinin (Aşağı Əskipara, Xeyrimli, Bağanıs Ayrım və Qızılhacılı) geri qaytarılmamasına çalışırlar. Bu məqsədlə onlar “vəziyyəti yerində öyrənmək” adı ilə Tavuşa səfərlər edir, camaatın hissləri ilə oynayırlar. Hətta “Demokratik Birləşmə” Partiyasının sədri Suren Petrosyan Əskiparaya (Əskipara (Voskepar) Azərbaycanın Yuxarı və Aşağı Əskipara kəndlərinin yanında yerləşir) köçüb, burada yaşayacağını və “sonadək” mübarizə aparacağını bildirib. Bu həmin Petrosyandır ki, Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verilərkən də belə hoqqalar çıxarmışdı.
“Arabo” dəstəsinin komandiri Manvel Yegiazaryan bildirib ki, guya həmin kəndlərin Azərbaycanın olduğunu demək savadsızlıqdır: “Kim harada dayanırsa, sərhəd onundur”. Onun fikrincə, guya Azərbaycan bir müddətdən sonra Sünikə (Zəngəzura) da iddia edəcək, Geqarkunikə (Göyçəyə) də. Həmin kəndlərin sakinləri ilə mütəmadi görüşlər keçirən Ermənistanın sabiq müdafiə naziri, parlamentdə “Ermənistan” fraksiyasını təmsil edən Xocalı qatili Seyran Ohanyan isə bildirib ki, Nikol Paşinyan Azərbaycan kəndlərindən geri çəkilmək əmri verərsə, əsgərlər çəkilməməli və müqavimət göstərməlidirlər. Bununla da revanşistlər faktiki olaraq müharibə çağırışları edirlər. Artıq onların bu çağırışlarına terrorçu silahlı qruplaşmalarla yanaşı, bəzi siyasi xadimlər, eləcə də erməni kilsəsi qoşulub. Digər tərəfdən, qondarma rejimin sonuncu “lideri” Samvel Şahramanyan Fransa mətbuatına bildirib ki, onlar hələ də fəaliyyətlərini davam etdirirlər. Bununla da Sahramanyan belə bir vəziyyətdə alovu daha da körükləndirməyə çalışır. Onun açıqlamasından əsəbiləşən Paşinyan Ermənistanda yalnız bir hökumətin və bir iqtidarın olduğunu bəyan edib. Yeri gəlmişkən qeyd edək ki, Nikol Paşinyan reallığı başa düşür. Artıq o dərk edir ki, əgər dörd kəndi geri qaytarmasa yenə də iki ölkə arasında toqquşma ehtimalı arta bilər.
Revanşistlərin bu kimi çağırışları erməni mətbuatında da geniş işıqlandırılır. Amma nədənsə erməni mediasının Azərbaycan ərazisinin işğalda saxlanılmasına istiqamətlənən bu təbliğatı Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar görməməzliyə vurur. Bunu “görməyən” Aİ-nin xüsusi nümayəndəsi heç bir əsas olmadan Azərbaycan mediasının Ermənistana “hədələrini” qəbuledilməz adlandırır. Həmin bu Klaar bir neçə gün öncə Azərbaycanı növbəti dəfə ittiham edib. O, sosial şəbəkə hesabında yazıb ki, guya Azərbaycan mediasında Ermənistana qarşı "təhdid" var. Halbuki, heç bir təhdiddən söz gedə bilməz. Torpaqları işğal altında olan ölkənin xalqı kimi mediasının da təcavüzə və təcavüzkarlara qarşı barışmaz mövqe tutması müzakirə mövzusu ola bilməz. Bu məqamda Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənın “X” platformasındakı hesabında yazdığı bu fikri xatırlatmaq yerinə düşərdi: “Cənab Toivo Klaar qərəzli münasibətdən qurtula bilmir və yalnız Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı qanuni diskursu şər kimi görür, Ermənistan mətbuatında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışlarına isə tamamilə məhəl qoymur”.
Görünür, bütün bunlar Aİ-nin Cənubi Qafqazda yürütdüyü siyasətinin mahiyyətinə tam cavab verir. Aİ Fransanın Cənubi Qafqazda bu qurumun lider ölkəsi mövqeyinə yiyələnməyinə nail olmaq, rəsmi Bakının tamamən dəyişdiyi lokal geosiyasi reallıqları dəyişmək, Azərbaycanı hansısa güzəştlərə vadar etmək istəyir. Fransanın, Yunanıstanın və digər ölkələrin Ermənistanı açıq-aşkar silahlandırmasını və Aİ-nin "mülki missiyası"nın daha aktiv rol oynamağa çalışmasını, ölkəmizə qarşı böhtanların kəskinləşməsini nəzərə alsaq, belə qənaətə gələ biləriki ki, bu qurumun rəsmilər bölgədə vəziyyəti mümkün qədər gərginləşdirməyə çalışırlar. Halbuki, Aİ dərk etməlidir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsd edən ünsürlərin fəaliyyətinə şərait yaratmaq yolverilməzdir. Şübhəsiz, Aİ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standartlara əsaslanır. Bu mənada əminliklə demək olar ki, aprelin 5-də Brüsseldə keçiriləcək Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransı Ermənistanın deyil, sözügedən qurumun maraqlarına xidmətdən başqa bir şey deyil.
Şübhəsiz, Ermənistandakı revanşist əhvali-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür rəsmi İrəvanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-ın təcavüzkarı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda Aİ və ABŞ bölgədə sabitliyi pozan hər hansı mümkün hərəkətlərinə görə məsuliyyət daşımalı olacaqlar.
Qvami Məhəbbətoğlu, “İki sahil”