Dünyada hər il təxminən 3 milyon insanın həddindən artıq duz istehlakının nəticələrindən dünyasını dəyişdiyini bilirdinizmi?
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv dövlətlər 2013-cü ildə 2025-ci ilə qədər duz istehlakını orta hesabla 30% azaltmağı hədəfə almışdılar. Bununla belə, ÜST-ün 2020-ci il Qlobal Qidalanma Hesabatına əsasən, duz istehlakı həmin il 2,4% əvəzinə yalnız 0,2% azalmışdı. ÜST-ün fikrincə, bu hədəfə çatmaq mümkün deyil.
Mağazalardan aldığımız qablaşdırılmış qidalarda yediyimiz duzun miqdarını azaltmaq üçün yenilənmiş bir səylə ÜST onlarla qida üçün tövsiyə olunan maksimum səviyyələrə dair bir cədvəl təqdim edib.
Ümumiyyətlə, ÜST tövsiyə edir ki, gündəlik şəxsi duz qəbulu 5 qramdan (0,18 unsiya) çox olmamalıdır. Çünki yüksək səviyyədə duz istehlakı qan təzyiqini və bununla da ürək-damar xəstəlikləri riskini artıra bilər.
Bu cür xəstəliklər bütün dünyada yoluxucu xəstəliklərlə əlaqəli olmayan ölümlərin təxminən üçdə birini təşkil edir. Mütəxəssislərin fikrincə, həddindən artıq duz yemək xroniki qaraciyər, böyrək xəstəlikləri, piylənmə və mədə xərçənginə də səbəb ola bilər.
Ancaq bütün ümidlər hələ ki, itirilməyib. Çünki xörək duzunu gündə 5 qrama endirməklə yüksək təzyiqi əhəmiyyətli dərəcədə azaltmaq hələ də mümkündür.
Sağlamlıq naminə duzu azaltmaq asan deyil. Duz qabını mətbəxdən və yemək masasından götürmək kifayət etmir, çünki hər gün istehlak etdiyimiz duzun çoxu işlənmiş qidalardan gəlir.
Duzun əsas mənbələri çörək, ət və süd məhsullarıdır.
Hərəsinin çəkisi 35 qram olan dörd tikə çörəyin tərkibində 2 qram duz var, qurudulmuş ətdə duzun miqdarı qurumamış ətə nisbətən daha yüksəkdir və sərt pendirdə qaymaqlı pendirdən daha çox duz var.
Hazır yeməklər və hazır şorba və qəlyanaltılar çoxlu duz ehtiva edir, buna görə də ÜST və digər səhiyyə təşkilatları qablaşdırılmış qidaları alarkən tərkibindəki duzun miqdarına diqqətlə baxmağı tövsiyə edir.
Nubar Süleymanova, “İki sahil”