31 mart 2024 15:06
470

ABŞ və Aİ-nin çirkin planı: Qərb Ermənistanı Azərbaycana qarşı silahlandırmaqla yeni müharibəyə hazırlayır

ABŞ və Aİ  Ermənistanı cəsarətləndirir: Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa…

Son günlər Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir. Hətta revanşistlər hazırda  Azərbaycanın ilkin mərhələdə anklav olmayan 4 kəndinin (Aşağı Əskipara, Xeyrimli, Bağanıs Ayrım və Qızılhacılı) geri qaytarılmamasına çalışırlar.

Bu məqsədlə onlar “vəziyyəti yerində öyrənmək” adı ilə Tavuşa səfərlər edir, camaatın hissləri ilə oynayırlar. Hətta Ermənistanın sabiq müdafiə naziri, parlamentdə “Ermənistan” fraksiyasını təmsil edən  Xocalı qatili Seyran Ohanyan    bildirib ki, Nikol Paşinyan Azərbaycan kəndlərindən geri çəkilmək əmri verərsə, əsgərlər çəkilməməli və müqavimət göstərməlidirlər. Halbuki, Paşinyan dəfələrlə bəyan edib ki, Hayastanın Azərbaycanın qeyd etdiyi kəndlərə iddiası  yoxdur.

Digər tərəfdən, qondarma rejimin sonuncu “lideri” Samvel Şahramanyan Fransa mətbuatına bildirib ki, onlar hələ də fəaliyyətlərini davam etdirirlər. Bununla da Sahramanyan belə bir vəziyyətdə alovu daha da körükləndirməyə çalışır. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan isə ABŞ və Avropa ölkələrində müxtəlif yüksək vəzifəli rəsmilərlə intensiv separatçı görüşlər keçirir və revanşistlərin niyyətləri ilə onları tanış edir. Bununla da revanşistlər faktiki olaraq müharibə çağırışları edirlər. 
Şübhəsiz, revanşist hisslərin alovlanmasında  regionda sülhə dəstək vermək əvəzinə 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlamış və xalqımıza qarşı soyqırımı cinayətləri törətmiş Ermənistanı silah-sursatla təmin edərək orada öz hərbi missiyasını yaradan və Cənubi Qafqazda möhkəmlənmək istəyən, ölkəmizə qarşə qərəzli mövqe sərgiləyən Fransa daha çox canfəşanlıq edir.  


Bütün bunların fonunda Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur. Amma haylar ötən ilin sentyabrından Ermənistan hərbçilərinin belə fəallığı müşahidə olunmayan bu intensivliyi guya qoşunların adi rotasiyası,  “sürücülərin təlimi” kimi qələmə verməyə çalışırlar.  Sual olunur: Niyə bu kimi “tədbirlər” məhz şərti sərhəddə həyata keçirilir? Şübhəsiz, bütün bunlar hayların ölkəmizə qarşı növbəti təxribata hazırlaşmalarından xəbər verir.

Qərb çirkin və riyakar siyasəti

Prosesin bu istiqamətdə inkişaf etməsinin əsas səbəbi ABŞ və Avropa İttifaqının Ermənistanla planlaşdırdığı 5 aprel görüşünün nəticəsidir. Belə görünür ki, regionda üçlü hərbi alyans formalaşdırılır. Aprelin 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Avropa İttifaqı -Ermənistan-ABŞ müştərək konfransı hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir.  30 ilə yaxın Ermənistanın silahlı təcavüzünə, etnik təmizləmə siyasətinə məruz qalan Azərbaycanın haqlı səsini eşitməyən, BMT Təhlükəsizlik Şurasının Hayastanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin həllinə etinasız qalan Azərbaycan Aİ və ABŞ-dan bu formatda heç vaxt dəstək almayıb. Bu cür qərəzli görüşlər erməni revanşistlərinə dəstək olmaqla haylarda təhlükəli illüziya yarada bilər. Şərti sərhəddə Ermənistan tərəfindən müşahidə olunan son hərbi canlanma bir daha təsdiq edir ki, Qərb Ermənistanı Azərbaycana qarşı silahlandırmaqla yeni müharibəyə hazırlayır.

 

Bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşür

Bütün bunları nəzərə alan Azərbaycan Müdafiə Nazirliyi xəbərdarlıq edib ki,   Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır: “Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcəkdir”.


Bu məqamda bir xatırlatma da etmək istərdik. Ermənistan ordusu da, haylar da  Azərbaycan dövlətinin, onun ordusunun  gücünə yaxşı bələddir. O ordunun ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində Ermənistanın işğalı altında olan torpaqlarımızdan işğalçıları iti qovan kimi qovub çıxarıb. O ordunun ki, əldə etdiyi zəfərləri, nümayiş etdirdiyi qəhrəmanlığı ilə dünya hərb tarixini heyrətə gətirib. O ordunun ki, “Dağlıq Qarabağ” məfhumunu, onun “statusunu”, “miatsum”u cəhənnəmə göndərib. O ordunun ki,  bu gün döyüş qabiliyyətinə görə, dünyanın ən qüdrətli və yenilməz ordularından biridir.

Bu məqamda Prezident İlham Əliyevin andiçmə mərasimindəki bu fikirlərini də xatırlamq yerinə düşərdi: “Demişdim ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir”. 
Nə yazıq ki, Ermənistandakı revanşist qüvvələr hələ də reallıqları görmək istəmirlər. Onlar xaricdəki havadarlarının, xüsusilə Fran¬sanın dəstəyilə Cənubi Qafqazda yeni müharibə ocağı qalamağa cəhdlər edirlər.  Amma bütün bu cəhdlər əbəsdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”