“Azərtütün” MMC tərəfindən tezliklə Balakən rayonunun ərazisində tütün istehsalı və emalı məntəqəsinin yaradılması işlərinə başlanılacaq. Məntəqədə 540 ton gücü olan 60 tütünqurutma kamerasının tikilməsi nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyətindən məlumat verilib.
Balakənli fermerlər indiyədək yetişdirdikləri yaşıl tütün kütləsini qurutmaq üçün Zaqatala rayonunda fəaliyyət göstərən emal məntəqəsinə təhvil verirdilər. Bu isə əlavə vaxt itkisinə səbəb olurdu.
2017-ci ildə Balakən rayonunda 528 hektar sahədə tütün əkilib, 317,4 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 106,4 ton artıb. Cari ildə isə tütün əkini sahələrinin daha da genişləndirilərək 550 hektara çatdırılması nəzərdə tutulur.
Hazırda rayonda əhaliyə məxsus şəxsi təsərrüfatlarda tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən sadə istixanaların hazırlanması işləri davam etdirilir. İndiyədək 700-dən çox belə istixana yaradılıb.