Nadir Azəri: Başqa vaxtı “qırmızı xəttlər” deyərək, əsassız hay-küy salan İranın mövcud rejimin təmsilçiləri indi “müdrikcəsinə” susurlar
“Güney Qafqaz yenidən dünyanın diqqət mərkəzindədir və nə qədər təəssüflü olsa da bu dəfə də diqqət mərkəzində olmağımıza səbəb hərbi-siyasi gərginlikdir. Bir qədər dəqiqləşdirsək, səbəb Güney Qafqazda hər zaman dağıdıcı rol oynayan, bu regiona qan, fəlakət və müharibə gətirən, işğalçı siyasət yürüdən Ermənistandır”.
Bunu “İki sahil”ə açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri deyib.
Ermənistan öz ağasını dəyişmək qərarına gəlib

O, qeyd edib ki, uzun müddət Rusiyanın vassalı kimi mövcud olan Ermənistan artıq öz ağasını dəyişmək qərarına gəlib: “Ermənistanın yeni isti qucaq axtarışına çıxması isə Güney Qafqazı öz caynağına keçirmək istəyən Qərbin işinə yarayıb. Ötən il “missiya” adı ilə regionda peyda olan Qərb indi də ABŞ və Avropa Birliyinin (AB) timsalında birdəfəlik bu regionu öz qaranlıq və qanlı maraqlarının girovuna çevirmək istəyir. Hər halda aprelin 5-də Brüsseldə ABŞ, AB və Ermənistan iştirakı ilə keçiriləcək üçtərəfli görüçü məhz bu prizmadan dəyərləndirmək olar. Çünki həmin görüş zamanı tərəflər arasında hərbi paktın imzalanması gözlənilir”.
Bu, ümumilikdə bütün region üçün böyük təhdiddir

İctimai Birlik sədri deyib ki, ABŞ və AB-nin Ermənistanla bağlamaq istədiyi hərbi pakt nəinki Azərbaycan xalqına və dövlətinə qarşıdır, ümumilikdə bütün region üçün böyük təhdiddir: “Hesab edirəm ki, bu pakt ABŞ-ın yaxın gələcəkdə Ermənistanda və deməli Güney Qafqazda hərbi mövcudluğuna yol açacaq. Bu isə region üçün fəlakətli ola bilər. Təbii ki, Azərbaycan bu addıma qarşı müqavimət göstərir. Ümumiyyətlə, Azərbaycan dövləti özünə qarşı heç bir təhdidi qəbul etməyəcək. Hər kəs bilməlidir ki, Azərbaycanın iradəsindən kənarda Cənubi Qafqazda istənilən təşəbbüs qabaqcadan fiasko deməkdir.
Lakin dediyimiz kimi bu məsələ təkcə Azərbaycan deyil, ümumiyyətlə region ölkələri üçün təhdid yaradır. Ona görə də region ölkələri Qərbin bu qanlı planına qarşı vahid mövqedən çıxış etməlidir”.
Bizim region bir-birinə olduqca sıx şəkildə tikilmiş evlərdən ibarət kəndə bənzəyir

N.Azərinin sözlərinə görə, artıq Rusiya ABŞ və AB-nin Ermənistanla imzalayacağı hərbi paktı kəskin pislədi və Ermənistana açıq xəbərdarlıq etdi: “Amma təbii ki, regionun digər ölkələri də məsələyə sərt reaksiya verməlidirlər”.
Vurğulanıb ki, məhz bu baxımdan İranın hansı addım atacağı maraq doğurur: “Çünki başqa vaxtı yeri gəldi-gəlmədi “qırmızı xətlər” barədə danışmağı sevən İran isə hələ də susur. Azərbaycana hər bir xarici qonaq gələndə “tükləri biz-biz duran”, hər hansı Qərb ölkəsi ilə imzaladığımız sənədi hansısa “qırmız xəttin” keçilməsi kimi qəbul edərək əsassız hay-küy salan İranın mövcud rejimin təmsilçiləri indi “müdrikcəsinə” susurlar. Ermənistan ABŞ və digər Qərb ölkələrini İranın “burnunun ucuna” kimi gətirir, amma bu dəfə Tehranın yadına “qırmızı xəttlər” düşmür. Görəsən niyə? Görünür İranın mövcud rejiminin erməni sevgisi o qədər güclüdür ki, artıq “qırmızı xətt” barədə düşünməkdən vaz keçiblər. Amma həm İran, həm də digər region ölkələri bilməlidirlər ki, bizim region bir-birinə olduqca sıx şəkildə tikilmiş evlərdən ibarət kəndə bənzəyir. O evin birinə od düşsə, qısa zamanda bütün kənd külə dönəcək”.