"Bu günlərdə “Le Fiqaro” qəzeti yazıb ki, Makron ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə liderdir, amma Fransanın təşəbbüsləri nəticə vermir. Əslində nə “Le Fiqaro”, nə də Makron səmimidir. Bu yazıda yalnız bir məsələni “düzgün” qeyd ediblər. O da, Makronun Azərbaycan əleyhinə təşəbbüslərinin nəticə verməməsidir."
Bu fikirləri "İki sahil"ə özəl açıqlamasında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli söylədi.

Ramil İskəndərli sözügedən məqaləyə münasibət bildirərkən qeyd etdi ki, bu yazıda hiss olunur ki, Fransada yaşayan ermənilər qarşısında Makronun Azərbaycanla münasibətdə uğursuz siyasətinə bəraət qazandırması istiqamətindədir. Misal üçün yazıda eyham vurulur ki, guya “erməni məsələsinin” müzakirəsinin Roma Papası tərəfindən iqnor edilməsində günahkar Makron yox, özü ilə görüşə apardığı ermənipərəst yazıçı Sylvain Tesso olub. Yazı müəllifi, eyni zamanda, Makronun Azərbaycana qarşı planlarının iflasa uğramasına görə məsuliyyəti ABŞ-ın, Vatikanın və digərlərinin üzərinə atmaq istəyir. Makron əlbəttə ki, açıq şəkildə İlham Əliyevə məğlub olduğunu etriaf etmək cəsarətində deyil”.
QHT sədri həmçinin vurğulayır ki, “məqalənin Azərbaycana qarşı açıq-aşkar qərəzli və düşmən münasibəti bəsləməsi sezilir. Məsələn, bilərəkdən şişirdilməyə yol verməklə, Prezident İlham Əliyevin seçkilərdə guya 97 faiz səs qazanması və s. Yazıda qeyd olunur ki, guya Azərbaycanın günahı ucbatından 8 ay ərzində "Dağlıq Qarabağ” erməniləri “blokada” vəziyyətində yaşayırmış. Yazıda Ermənistanın Azərbaycanın 20% torpaqlarını 30 il işğal altında saxladığı yox, həyasızcasına, tarixə qovuşmuş münaqişənin mahiyyətini təhrif edərək, utanmadan guya Bakının “Dağlıq Qarabağ” regionunun 70%-ni “işğal” etməsi vurğulanır.
Həmsöhbətimiz diqqətə çatdırdı ki, bu günlərdə Avropa İttifaqının Cənubi Qazqaz üzrə məruzəçisi Toivo Klaarın guya Azərbaycan mediasının Ermənistana qarşı təhlükəli xəbərdarlıqlarından narahat olduğunu qeyd etmişdir. Bəlkə Toivo Klaardan “xahiş” edək ki, bu “Le Fiqaro”dakı yazıda aşkar görünən qərəzə və düşmənçilik baxışlarına da öz münasibətini bildirsin?
Sonda QHT sədri bildirdi ki, Makronun Azərbaycana qarşı uğursuz düşmənçilik siyasətinin aparılmasının əvəzinə, bu günlərdə keçirilmiş sorğuda Fransanın əksər rəyi soruşulan vətəndaşlarının ölkənin 2024-cü ildə Parisdə təşkil olunacaq Yay Olimpiya və Paralimpiya Oyunlarına hazır olmadığını düşünməsinin səbəblərini araşdırmağa vaxt ayırmağa daha çox ehtiyacı var.
Yaqut Ağaşahqızı, "İki sahil"