01 aprel 2024 22:27
401

Oyuncaq tapancalardan istifadə uşaqları zorakılığa sürükləyə bilərmi?

Oyuncaq silahlarla oynayan zaman uşaqlar ətrafdakı insanları nişan ala və onları vurmuş kimi göstərə bilərlər. Bəzi valideynlər bundan qorxur, bəziləri isə buna adi hal kimi yanaşır. Bəs belə oyunlar təhlükəli ola bilərmi?

Onlar oyuncaq tüfəngin və ya tüfəng olduğunu iddia etdikləri çubuqun tətiyini çəkir və “vur, vur!” deyə qışqırırlar. Onların oyun yoldaşı və uydurma qurbanı daha sonra yıxılıb ölü kimi oynamalıdır.

Oyun uşaqlar üçün çox əyləncəlidir, onlara güc hissi verir. Bəzən böyüklər silah oyunlarının sonradan əsl silahlı zorakılığa səbəb ola biləcəyindən narahat olurlar. Bəziləri hətta bacardıqca bunu qadağan edirlər.

Bununla belə, uşaq psixoloqları və uşaq məsləhətçiləri əsasən bu cür qorxuları rədd edir və deyirlər ki, uşaqların oyuncaq silahla oynaması təhlükəli deyil.

Ailə psixoloqu Annika Rotters böyüklərin uşaqların iddialı atışma oyunlarını bəyənməməsi ilə razılaşmır. O bildirir ki, böyüklərdən fərqli olaraq, uşaqlar (kimisə hipotetik şəkildə vurmağın) nəticələrini tam düşünə bilmirlər və onlar əslində heç kimin ölməsini istəmirlər.

Almaniyanın Analitik Uşaq və Yeniyetmə Psixoterapevtləri Assosiasiyasının (VAKJP) sədri Bettina Meisel isə deyir: "Uşaq oyunlarında çox vaxt uydurma element var". Oyun zamanı uşaqlar real həyatda olmayan bir rol və ya bacarığı öz üzərilərinə götürürlər, yaxud real həyatdan nəyisə mənimsəmək üçün yenidən canlandırırlar. 

Meisel bildirib ki, silahla oynamağın bəzi formaları var ki, bu, valideynləri haqlı olaraq narahat edə bilər, məsələn, uşaq nifrət nümayiş etdirdikdə bu, bir qədər təhlükəlidir. Oyunun sevincli tərəfi ön planda olmalıdır. "Əgər oyun aqressiv deyilsə, emosiyalar sərt deyilsə və hər şey sərbəst və asandırsa, deməli, iddialı atışma oyunlarında kökündən səhv bir şey yoxdur", -deyə mütəxəssis bildirib.

Bu o deməkdir ki, valideynlər onlara qadağa qoymamalıdır?

"Uşaqlar adətən onlara əyləncəli bir şey etmək qadağan edildikdə çıxış yolu və ya alternativ axtarırlar. Rotters də oxşar fikirdədir- “Silahlar real dünyanın bir hissəsi olduğu və uşaqlar kitablarda, hekayələrdə, radio dramlarında və filmlərdə onlarla qarşılaşdıqları müddətcə oyuncaq silahla oynamağa qadağa qoymağın məqsədəuyğun olduğunu düşünmürəm”, -deyə o, fikrini tamamlayıb.

Nubar Süleymanova, “İki sahil”