Bu il yeni qoz bağlarının salınması nəzərdə tutulur, yerlər müəyyən edilib. Özəl sektor bu işə çox böyük maraq göstərir və təqribən 10 minə yaxın hektarda yeni qoz bağları salınacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, bir neçə ildən sonra qoz istehsalı da çox böyük gəlir gətirən ixrac sahəsi olacaq.
Badam bağlarının salınması ilə əlaqədar görülən işlərdən də danışan Prezident İlham Əliyev deyib: “2016-2017-ci illərdə bizim tövsiyəmiz əsasında 200 hektarda yeni badam bağları salınıb. Məsələni təhlil etməyə başlayanda mən gördüm ki, Azərbaycanda cəmi 1000 hektarda badam bağları vardır, onların da təqribən 900 hektarı Naxçıvan Muxtar Respublikasındadır. Abşeronda, Bakıətrafı yerlərdə, Xızı, Siyəzən, Şabran zonalarında badam yetişdirilməsi üçün çox gözəl təbii şərait var, ona görə belə bir tövsiyə verdik, çağırış etdik. İki ildə 200 hektarda badam bağları salınıb. Əlbəttə ki, başlanğıc üçün bu, yaxşı göstəricidir, ancaq artmalıdır. Ölkəmizdə minlərlə hektarda badam bağları salınmalıdır, badam emalı fabriki tikilməlidir, paketləmə olmalıdır. Qısa müddət ərzində daxili bazarı təmin etməliyik, ixrac etməliyik".