SOCAR-ın Geofizika və Geologiya İdarəsində 2017-ci il ərzində əməyin mühafizəsi, təhlükəsizliyi sahəsi üzrə görülən işlərin yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi
SOCAR-ın Geofizika və Geologiya İdarəsində (GGİ) 2017-ci ildə əməyin mühafizəsi, təhlükəsizliyi sahəsi üzrə görülmüş işlərlə əlaqədar yekun hesabat yığıncağı keçirildi. Yığıncaqda GGİ-nin rəisi Elçin Şirinov, rəis müavinləri, SOCAR-ın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İdarəsinin böyük mühəndisi Tahir Binyatov və GGİ-nin struktur bölmələrinin əməkdaşları iştirak edirdilər.
Tədbiri Geofizika və Geologiya İdarəsinin əməyin mühafizəsi üzrə rəis müavini İsmayıl Hüseynov açaraq bildirdi ki, 2017-ci ildə Geofizika və Geologiya İdarəsinin strukturuna daxil olan İstehsalat bölümlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalat sahələrinin, iş yerlərinin müasir standartların tələblərinə uyğun qurulması sahəsində bir çox işlər görülüb. İ.Hüseynov qeyd etdi ki, həyata keçirilən tədbirlər nəticəsində Geofizika və Geologiya İdarəsinin istehsalat bölümlərinin istehsalat sahələri, sanitar və məişət otaqları, iş yerləri, iş otaqları sanitariya və tikinti normalarına uyğun vəziyyətə gətirilib. İ.Hüseynov vurğuladı ki, istehsalat sahələrində qəzaların, yanğınların, bədbəxt hadisələrin baş verməməsinə və peşə xəstəliklərinin yaranmasına səbəb ola biləcək risklərin müəyyən edilməsi, onların ləğvi və ya minimuma endirilməsi məqsədilə GGİ-nin daimi fəaliyyət göstərən komissiyasının üzvləri tərəfindən struktur bölmələrdə reydlər, yoxlamalar keçirilib. Bu yoxlamalar zamanı aşkar edilən nöqsan və çatışmazlıqların əksəriyyəti qısa müddət ərzində aradan qaldırılıb.
Sonra GGİ-nin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin rəisi Elxan Ələskərov 2017-ci il ərzində əməyin mühafizəsi, təhlükəsizliyi sahəsində görülmüş işlərlə əlaqədar yekun hesabatla çıxış etdi.
Tədbirdə GGİ-nin strukturuna daxil olan “Mədəngeofizika”, “Kəşfiyyatgeofizika”, “Kompleks Mühəndisi Axtarış” İstehsalat bölümlərinin rəhbər işçiləri istehsalat fəaliyyəti və əməyin mühafizəsi, təhlükəsizliyi sahəsi üzrə həyata keçirilən işlərdən, nəzərdə tutulan planlardan ətraflı məlumat verdilər.
GGİ-nin rəisi Elçin Şirinov çıxış edərək bildirdi ki, 2017-ci il üçün GGİ-də sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və təmin olunması, istehsalat sahələrinin, binaların, iş yerlərinin müasir standartların tələblərinə uyğun səviyyədə yenidən qurulması, istehsalat xəsarətlərinin, qəzaların, peşə xəstəliklərinin qarşısının alınması məqsədilə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planı hazırlanıb həyata keçirilib. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində Geofizika və Geologiya İdarəsinin İstehsalat bölümlərinin istehsalat sahələri, sanitar və məişət otaqları, işçi yerlərinin, iş otaqları sanitariya və tikinti normalarına uyğun vəziyyətə gətirilib. İdarə rəisi məlumat verdi ki, 2017-ci ildə işlərin təhlükəsiz aparılması qaydalarını öyrətmək məqsədilə struktur bölmələrdə işçilərin maarifləndirilməsinə, təlimatlandırılmasına və biliklərinin artırılmasına ciddi fikir verilib. E.Şirinov, həmçinin mütəxəssis və fəhlələrin peşəkarlıqlarının artırılması məqsədilə gənc mütəxəssislərin SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində təşkil olunmuş müxtəlif kurslara cəlb olunduğunu da diqqətə çatdırdı. GGİ tərəfindən struktur bölmələrdə, istehsalat sahələrində reydlər, yoxlamalar keçirildiyini deyən E.Şirinov vurğuladı ki, gələcəkdə bu istiqamətdə işlərin daha da keyfiyyətlə aparılmasına ciddi fikir veriləcək.
SOCAR-ın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İdarəsinin böyük mühəndisi Tahir Binyatov Geofizika və Geologiya İdarəsində 2017-ci il ərzində əməyin mühafizəsi, təhlükəsizliyi sahəsi üzrə görülmüş işləri yüksək qiymətləndirdi, bu istiqamətdə tövsiyələrini verdi.
Orxan Vahidoğlu, “İki sahil”