Dünyanın bir illik iqtisadi gündəliyini müəyyən edən Davos İqtisadi Forumunun builki gedişatı bir daha göstərdi ki, Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir.
Dövlətimizin həyata keçirdiyi məqsədyönlü strategiya ölkəmizin iqtisadi və siyasi sabitliyinin möhkəmlənməsinə öz töhfələrini verməkdədir. Davamlı islahatlar konsepsiyasına əsaslanan makroiqtisadiyyatın genişşaxəli sosial siyasətlə paralel şəkildə əlaqələndirilməsi Azərbaycanın regionun dinamik inkişaf edən ölkəsi kimi nüfuzunun artmasına kömək edib.
Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Arzu Nağıyev bildirib ki, təcrübə göstərir ki, Davos Forumunda iştirak Azərbaycana mühüm üstünlüklər qazandırır. Azərbaycan bu Forumda çox fəal iştirak edən dövlətdir və bunu Azərbaycan Prezidentinin hər dəfə keçirdiyi çoxsaylı görüşlər də təsdiq edir. Ölkə başçısının bu il keçirilən görüşlərində də neft strategiyası ilə yanaşı, həm də qeyri-neft sektorunun inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Ticarət Limanı, ümumiyyətlə, Şimal-Cənub dəhlizi, TANAP və TAP layihələri haqqında geniş müzakirələri oldu. Eyni zamanda dövlətimizin başçısı onu da xüsusi olaraq əminliklə vurğuladı ki, Dağlıq Qarabağın işğalı və münaqişənin həlli yollarında olan süni maneələr ölkəmizdə həyata keçirilən beynəlxalq layihələrin inkişafına təsirsiz ötüşmür.
“U.S. News and World Report” dərgisinin araşdırmasına münasibət bildirən Arzu Nağıyev qeyd etdi ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Amerikalı araşdırmaçıların bu nəticəyə gəlmələri üçün əsasları var. Həmin dərgi dəfələrlə hansı dövlətin ordusunun güclü olduğu haqqında müxtəlif statistik rəqəmlər göstərir. Budəfəki statistik rəqəmləri dərc etdiyi vaxt da əsasən dünyada olan ən güclü 60 ordu haqqında məlumatlar yayıb. Büdcədən maliyyələşməsinə və müasir silahlarla təmin edildiyinə görə, Azərbaycan ordusu bu siyahıda 38-ci yerdədir. Dünyanın 60 güclü ordusunun içində Azərbaycan ordusunun 38-ci yerdə qərarlaşması çox qənaətbəxş və sevindirici haldır. Qeyd edim ki, təhlükəsizlik, ordu quruculuğu amili hər bir dövlət üçün önəmli bir məsələdir. Məlum olduğu kimi, Azərbaycan müharibə şəraitində yaşayan bir dövlətdir. Bu gün orduya büdcədən ayrılma 1,8 milyard manat hesablanır ki, bu da çox böyük bir rəqəmdir. Ali Baş Komandan, Prezident İlham Əliyev çıxışlarında müharibə variantının istisna olmadığını hər zaman diqqətə çatdırıb: “Dağlıq Qarabağ məsələsinin həlli başqa yolla da mümkündür. Biz bunu heç vaxt inkar etməmişik və açıq bəyan etmişik ki, hərbi yol da istisna edilmir. Çünki son aylarda, illərdə beynəlxalq arenada müşahidə olunan mənzərə onu göstərir ki, beynəlxalq hüquq işləmir. Güc amili əsas rol oynayır. “Kim güclüdür, o da haqlıdır” prinsipi əfsuslar olsun ki, beynəlxalq əlaqələrin konstruksiyasına böyük zərbə vurub”.
Şəmsiyyə Əliqızı, “İki sahil”