06 aprel 2024 01:14
1112

“Yaşıl enerji”yə keçid: Qlo­bal ekoloji problemlərin həllinə aparan yol

Azərbaycan coğrafi baxımdan əlverişli “yaşıl enerji” potensialına malikdir və on­dan səmərəli şəkildə istifadə edilməsi is­tiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir

Bu gün Azərbaycanın “yaşıl enerji” sahəsində kifayət qədər sanballı layihələri gerçəkləşdirməsi, təmiz enerji mənbələrindən istifadəyə sərmayə qoyması göz önündədir. Azərbaycan Respublikasın­da bərpaolunan enerji mənbələrindən səmərəli istifadə ilə bağlı fəaliyyətin təşki­linin və tənzimlənməsinin təmin edilməsi üçün Prezident İlham Əliyevin 2020-ci il 22 sentyabr tarixli Fərmanı ilə Energeti­ka Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb. Bər­paolunan və yaxud “yaşıl enerji” sahəsinin inkişaf etdirilməsi, bununla bağlı olaraq institusional mexanizmlərin formalaşdırıl­ması üçün zəruri normativ hüquqi aktlar qəbul olunub ki, onların sırasında “Elekt­rik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm yer tutur. 

Azərbaycan Prezidentinin “Azərbay­can Respublikasının energetika sektorun­da islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli Sərəncamından irəli gələrək, bərpaolunan enerji sənaye­sinin inkişaf etdirilməsi üçün xarici sər­mayəçilərin cəlb edilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsi” hazırlanıb və Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Respublikası Pre­zidentinin 2021-ci il 3 may tarixli “Azər­baycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonası­nın yaradılması ilə bağlı tədbirlər haqqın­da” Sərəncamına əsasən, Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respub­likasının işğaldan azad edilmiş ərazilə­rində 2022–2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiq edilib. Azərbaycan Respub­likası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bərpaolunan enerji mənbələrindən istifa­dənin artırılması, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişlən­dirilməsi ilə bağlı fəaliyyət istiqamətləri müəyyənləşdirilib. 

Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “yaşıl enerji” mə­kanının yaradılmasına böyük əhəmiyyət verilir. Sənəddə “yaşıl texnologiyalar”ın tətbiqinin genişləndirilməsi, elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolu­nan enerji mənbələrinin istehlakda payı­nın artırılması nəzərdə tutulur. 

2022-ci ildə Azərbaycan, Gürcüs­tan, Rumıniya və Macarıstan Hökumət­ləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Bu sənədə əsasən, Xəzər dənizində istehsal olu­nacaq “yaşıl enerji”nin Avropaya ixracı nəzərdə tutulub.

Birləşmiş Ərəb Əmirliklərinin “Mas­dar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın bp, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Ma­ire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə Azərbaycanda bərpaolunan enerji isteh­salına dair müqavilələr imzalanıb. Bundan əlavə, Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə Dünya Bankı, Avropa Yenidənqurma və İn­kişaf Bankı, Asiya İnkişaf Bankı kimi bey­nəlxalq-maliyyə təşkilatlarının dəstəyi ilə layihələrin həyata keçirilməsinə başlanılıb. 

Azərbaycan 2030-cu ilə qədər bərpa­olunan enerji həcminin 3 dəfə və enerji səmərəliliyinin 2 dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə qoşulub. Ölkənin əlve­rişli coğrafi mövqeyi və iqlim şəraiti “yaşıl enerji” istehsalı üçün geniş imkanlar ya­radır. Külək, günəş, dağ çayları, bioküt­lə və geotermal su mənbələri hesabına bərpaolunan enerji istehsalı sahəsində böyük uğurlar əldə edilir. Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mən­bələrinin iqtisadi potensialı 27 QVt, külək enerjisi üzrə 3 min MVt, günəş enerjisi üzrə 23 min MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmindədir. 

Qarabağ və Şərqi Zəngəzur, həmçi­nin Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan olunub. Bu ərazilər yüksək potensiala malik olan “yaşıl enerji” mənbələrinə malikdir. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələ­ri Dövlət Agentliyinin məlumatına görə, Tərtərçay və Həkəri kimi çayların qolla­rında böyük hidroenerji imkanlar mövcud­dur. Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında texniki potensialı 7200 MVt-dan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şərait var. İlkin proqnozla­ra görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisi 2 min MVt həcmində texniki potensiala malikdir. Kəlbəcər və Şuşa rayonlarında geotermal enerji mənbələrindən “yaşıl enerji” kimi istifadə olunması imkanları mövcuddur. Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bioenerji kimi bərpaolunan enerji potensialı var. 

Naxçıvan Muxtar Respublikasında ümumi gücü 39 MVt olan günəş elektrik stansiyaları fəaliyyət göstərir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvanda “yaşıl enerji zonası”nın yaradılmasını nəzər­də tutan kompleks tədbirlər öz əksini ta­pıb. Naxçıvanda “yaşıl enerji” istehsa­lının inkişaf etdirilməsi məqsədilə “Nobel Energy Management”, “TotalEnergies” və “A-Z Czech Engineering” kimi şirkətlərlə müqavilələr imzalanıb. 

“Yaşıl enerji”nin dünya bazarlarına nəqli Azərbaycan dövlətinin enerji siyasə­tində əsas istiqamətlərdən biridir. Azər­baycan 2030-cu ilədək 5 min meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırır.

Azərbaycanda “yaşıl enerji” istehsa­lının inkişafı perspektivləri regional və beynəlxalq əhəmiyyət daşıyan tədbirlərdə geniş müzakirə olunur. Məsələn, 2024-cü il martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçi­rilib. Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “ya­şıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Cənub Qaz Dəhlizi “yaşıl enerji” sahəsində vacib əmək­daşlıq platforması kimi çıxış edir. Bu la­yihə çərçivəsində “yaşıl hidrogen”lə bağlı ölkələrarası dialoq mühüm önəm daşıyır ki, bu da təsadüfi deyil. Çünki “yaşıl hid­rogen” istehsalı yeni iqtisadi imkanlar yaratmaqla enerji sektorunda innovativ texnologiyaların tətbiqini sürətləndirir. 

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Üzərinə götürdüyü öhdəliklərə sadiqlik, Azərbaycan Prezidenti tərəfindən elan edilmiş “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində uğurlu fəaliyyət və digər təşəbbüslər Azərbaycanı dünyada qlobal iqlim siyasətinə böyük töhfə verən uğurlu nümunə kimi tanıdır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin ölkəmizə həvalə edilməsi də bu fəaliyyətə verilən beynəlxalq qiymətin və göstərilən etimadın açıq təzahürüdür.

Artıq vaxt itirilmədən COP29-a hazırlıq işlərinə start verilib. Hazırlıq işlərinin layiqincə həyata keçirilməsi üçün komanda formalaşdırılıb, bütün qurumlar səfərbər olunub. Konfransa hazırlıqla bağlı ilk müşavirənin dövlət başçısının sədrliyi ilə keçirilməsi ölkəmizin COP29-un layiqli və yüksək səviyyədə baş tutmasına necə böyük məsuliyyətlə yanaşdığını göstərir. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının 2024-cü ildə Bakı şəhərində təşkili və keçirilməsinin təmini məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Yanvarın 22-də Samir Nuriyevin sədrliyi ilə Təşkilat Komitəsinin ilk iclası keçirilib. İclasda COP-29-un ən yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyi vurğulanıb.

Göründüyü kimi, Azərbaycan COP29-a uğurlu ev sahibliyi etmək üçün çox ciddi hazırlıqlar həyata keçirir ki, bu da ölkəmizin yaşıl gündəliyə münasibətinin ifadəsidir. Bunu, eyni zamanda, respublikamızın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək mümkündür. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişmələr yaratmaq məqsədi güdən ölkələr üçün nümunə olmaq istəyidir, eyni zamanda, gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində  öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. 

Yaqut Ağaşahqızı, “İki sahil”