Avropa Parlamentinə seçkilərdə məğlubiyyətə uğradığı üçün Milli Assambleyanı buraxan Yelisey Sarayının başçısı Emmanuel Makrondan sonra Bundestaqı yola salan Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin bu seçimi rəsmi İrəvana xəbərdarlıqdır
Hələ münaqişənin davam etdiyi müddətdə Qarabağ üçün «Kosovo variantı» hazırlayan, planları baş tutmadığı, Azərbaycanın torpaqlarını öz gücü ilə işğaldan azad etdiyi üçün ölkəmizə qarşı təxribatlarını davam etdirməyin yollarını axtaran ABŞ-la Qərb bu gün də Ermənistana yardım adı ilə hər cür dəstək göstərir. Haylara 30 il davam edən bu «dəstəyin» məntiqi nəticəsi isə dəyişilməzdir: Ağ Evin və Qərbin rəsmi İrəvana «humanitar fəlakət» bəhanəsi ilə silah daşımaları, hərbi təlimlər keçirmələri bölgədə siyasi sabitliyin pozulması üçün edilən manipulyasiyalardır. Ermənistandan istifadə etməklə regionda hələ də öləziyən münaqişələri yenidən alovlandırmaq, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin yubadılması üçün məkrli planlar hazırlayan ABŞ-ın Bayden administrasiyasının Qərbin katalizatoru Fransa Prezidenti Emmanuel Makronla birgə hazırladıqları təxribatlara siyasi, iqtisadi qüdrəti, diplomatik səyləri ilə cavab verən Azərbaycan bütünlükdə region üçün təhlükə olan müdaxilələrin qarşısını alır.
Qarabağda ikinci Ukrayna variantını hazırlamaq niyyətləri puça çıxan ABŞ və Avropa İttifaqı (Aİ) regiona əlavə qüvvələr cəlb etməklə yeni təxribatlar hazırlayırlar. Sülh sazişinin imzalanmasına azacıq da olsa ümid yarandığı məqamlarda Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə təxribatlar törətməklə mənfur niyyətlərini yeni variantlar üzrə həyata keçirən anti-Azərbaycan dairələr hələ də rəsmi İrəvanı silah-sursatla təmin edirlər. Qərbin təhriki ilə əbədi havadarı Rusiyadan üz döndərən Ermənistanın baş naziri Nikol Paşınyanın görüşləri üçün Avropa ölkələrinə üstünlük verməsi, KTMT-dən sonra MDB dövlət başçılarının da görüşlərindən imtina etməsi, sülh danışıqlarını əsassız bəhanələrlə uzatması, Qərbin «təhlükəsizlik çətiri» altına sığınması Ermənistana heç də uğurlu gələcək vəd etmir. ABŞ hərbçilərinin Ermənistan ərazisində yerləşməsi, Avropa İttifaqının formalaşdırdığı Mülki Müşahidə Missiyası adı altında NATO standartlarına uyğun əlavə qüvvələrin yerləşdirməsi Cənubi Qafqazda yeni münaqişələr yaratmağa hesablanıb.
Birləşmiş Ştatlara başçılıq etdiyi müddətdə amerikalılar üçün önəmli yaddaqalan heç bir yeniliyə imza atmayan Bayden administrasiyasının Ermənistana hansı uğur vəd edəcəyi bəllidir. Prezident səlahiyyətlərini mənfi notlar əsasında yerinə yetirən, rəsmi İrəvana dəstək verən, separatçıların yanında olduğunu hər an bildirən Bayden administrasiyasının Ermənistana yardımları haylarla həmrəylikdən deyil, Cənubi Qafqazda yerləşmək marağından qaynaqlanır”.
Bir neçə ay bundan əvvəl Brüsseldə keçirilən ABŞ-Aİ-Ermənistan görüşündə «sabit və daha möhkəm Ermənistan, daha stabil Cənubi Qafqaz» tezisini ortaya atmaqla sonrakı planları üçün şərait yaradan «üçlüyün» Cənubi Qafqazla bağlı qərəzli mövqeyi qısa müddətdə bəlli oldu. Ermənistanı xoşniyyətli danışıqlara dəvət etmək əvəzinə bölgədə mövqelərini möhkəmləndirmək üçün yaratdıqları şəraitin əhatə dairəsini, rəsmi İrəvana silah-sursat yardımının mənbələrini genişləndirən erməni havadarlarının sözdə də olsa işğalçı dövlətə «ticari tərəfdaşlıqla», iqtisadi sabitliklə bağlı təklifləri eşidilmir.
Birləşmiş Ştatların Dövlət Departamentinin «ABŞ-ın Ermənistana göstərdiyi hərbi yardımın hücum məqsədləri daşımadığı» ilə bağlı açıqlaması da xəyanətin bir növü kimi ikrah doğurur. ABŞ və Fransa hərbçilərinin Azərbaycanla Ermənistanın şərti sərhəddində, xüsusilə Zəngəzur ərazisində toplanması anti-Azərbaycan dairələrin ortaq maraqlarının ifadəsidir. Əbədi düşmən olan ABŞ-la İranın belə Ermənistanı silahlandırmaq məsələsində maraqlarının eyniləşməsi siyasi əxlaqsızlıq simvolu, gözdən pərdə asmaqdır.
Ermənistana dəstək göstərənlər bu yardımları silah-sursatlar ayırmaqla məhdudlaşdırmaq istəmirlər. İdeoloji təsirləri, feyk informasiyaları ilə də Azərbaycana qarşı məkrli kampaniyalarını davam etdirirlər. Sülh müqaviləsinin imzalanmasına mane olan əsas amillərindən biri kimi dalana dirənən artıq tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupu variantından istifadə təklifləri aktuallaşıb. Törətdikləri cinayətlərə görə hazırda Azərbaycanda həbsdə olan separatçıların azadlığa buraxılmasını tələb edən, soydaşlarımızın Qərbi Azərbaycana qayıdışını xəyal, Zəngəzur dəhlizini rəvayət adlandıran Avropa Parlamentinin üzvü Natali Luazo kimi ermənipərəst sərsəmlər nədənsə İkinci Qarabağ müharibəsində qazandığımız Zəfəri, qısamüddətli lokal xarakterli antiterror tədbirlərini unudurlar. Halbuki natalilər ATƏT-in Minsk qrupu ifadəsinin siyasi leksikondan çıxarılmasına və onun tarixin arxivinə göndərilməsinə təşəbbüs göstərsəydilər sülhə daha çox dəstək olardılar.
«Artsax»” ifadəsini tutuquşu kimi əzbərləyən, Zəngəzur dəhlizinin leksikondan çıxarılmasını tələb edən hayların vay-şivənli tərəfdaşlarının Cənubi Qafqaz bölgəsi ilə bağlı məlumatları olsaydı ilk növbədə Paşinyana belə bir sual verərdilər: Beynəlxalq səviyyədə tanınmış, eyni zamanda da faktlarla təsdiqlənən Azərbaycanın tarixi ərazisinə olan iddialara niyə son qoyulmur. Amma həmin deputatlar hazırda dırnaq arasında işlətdikləri «Qərbi Azərbaycan» və «Zəngəzur» ifadələrinin reallığını məcburən təsdiqləyəcəklər. O zaman kimliyindən asılı olmayaraq hər kəs soydaşlarımızın Zəngəzur yolu ilə Qərbi Azərbaycana dönüşünü köks ötürərək seyr edəcəklər.
Bu arada bir məsələni xatırlatmaq yerinə düşər. Avropa Parlamentinə seçkilərdə mənsub olduğu «İntibah» partiyası məğlubiyyətə uğrayan Makron çıxış yolu kimi Milli Assambleyanı buraxdı. ABŞ-da keçirilən prezident seçkilərində Baydenin fatihəsi oxundu. Bu günlərdə yayılan informasiyalara görə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bundestaqı buraxıb. Səbəb kimi Bundestaqın kansleri Olaf Şolts hökumətinə etimadsılığı göstərilir. Göründüyü kimi, hər üç ölkədə də daxili gərginlik ən yüksək həddədir. Bu durumda Paşinyana məsləhətimiz: Nikol, Qərbə bel bağlama! Başının çarəsini qıl. Atalar üçdən deyib. Hər üç dayağını birdən itirmək isə Ermənistana həqiqi mənada fəlakətlər gətirəcək. Belə yerdə deyiblər ki, «Özü yıxılan ağlamaz!»
Xuraman İsmayılqızı, «İki sahil»