06 aprel 2024 23:32
1016

1-ci tip şəkərli diabetdə inqilab: Süni mədəaltı vəzi

İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) çərşənbə axşamı açıqlayıb ki, 1-ci tip şəkərli diabet xəstələri tezliklə öz vəziyyətlərini idarə etmək üçün "süni mədəaltı vəzi" ilə təchiz olunacaqlar. Qlükoza səviyyələrini tənzimləyən və insulini idarə edən bu novator sistem uşaqlar da daxil olmaqla müxtəlif yaş qruplarında olan xəstələrə təqdim ediləcək.

“NHS” qlobal miqyasda belə texnologiyanın ilk tətbiqi kimi tarixi bir mərhələni qeyd edərək, xəstələrlə əlaqə qurmağı planlaşdırır.

"Texnologiya tətbiq olunarsa, 1-ci tip diabetli insanlar artıq insulin vurmağa ehtiyac duymayacaqlar, bu həyati xilasedici dərmanın əvəzinə texnologiyaya güvənəcəklər", - deyə “NHS” açıqlayıb.

"Bu futuristik texnologiya təkcə tibbi yardımı yaxşılaşdırmır, həm də təsirlənənlərin həyat keyfiyyətini artırır." Bunu “NHS”nin diabet üzrə milli ixtisas müşaviri Parta Kar bildirib.

Xatırladaq ki, “NHS” hər il diabetin müəyyən edilməsi və müalicəsi üçün təxminən 10 milyard funt sterlinq (12,55 milyard dollar) xərcləyir.

Nubar Süleymanova, “İki sahil”