Beynəlxalq Qırımızı Xaç Komitəsinin beynəlxalq təşkilat kimi fəaliyyəti son dövrlər müəyyən qüsurlarla, müəyyən uyğunsuzluqlarla və siyasi addımlarla yadda qalır. İlk öncə onu demək lazımdır ki, hələ Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min soydaşımızın taleyi ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi bugünədək heç bir tədbir görmədi. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan-Ermənistan arasında olan sülh danışıqları zamanı bu məsələyə də Azərbaycan tərəfindən xüsusi diqqət yetirilir. Təbii ki, bu işlər ümumiyyətlə humanitar təşkilatların, xüsusilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin işidir. Amma biz nə görürük? İkinci Qarabağ müharibəsi zamanı da Beynəlxalq Qırmızı Xaç Komitəsi fəal şəkildə əsasən ermənilərin problemlərinin həlli ilə məşğul idi. Təşkilatın müraciəti əsasında ona şərait yaradıldı, yüzlərlə erməni hərbçisinin cəsədi Ermənistana verildi. Eyni zamanda, bizim ekoaktivistlərin aksiyaları zamanı Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələri erməniləri, onların silah-sursatını daşıyırdı, qaçaqmalçılıqla məşğul olan bir quruma çevrilmişdi və bu, Azərbaycan tərəfindən ifşa olunmuşdu. Həmin komitənin 2 əməkdaşı ölkəmizdə arzuolunmaz şəxs kimi elan olunmuşdu.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirdi.

Deputat qeyd etdi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin işğaldan azad olunmuş ərazilərdə olan fəaliyyəti Xankəndi ofisindən deyil, Bakı ofisindən idarə olunması və həyata keçirilməsi Azərbaycan tərəfindən tələb kimi qoyulmuşdu. Amma buna baxmayaraq Komitə yenə də öz işinə Xankəndidəki ofislə davam etmişdir. Yalnız Azərbaycan Ordusunun 2023-cü ilin 19-20 sentyabr tarixli lokal antiterror tədbirlərindən sonra Beynəxlaq Qırmızı Xaç Komitəsinin ofisi Bərdəyə köçürüldü. İstənilən humanitar təşkilat əgər hər hansı münaqişə və ya müharibə zonasında fəaliyyət göstərirsə, təbii ki, o, hər iki tərəflə işləməlidir. Bu məsələlərdə münaqişə və ya müharibə zamanı qərəzsiz və bitərəf mövqedən çıxış etməlidir. Amma biz bunu Beynəlxalq Qırmızı Xaç Komitəsindən görmədik. Bu da düzgün deyil. Əgər bu təşkilat özünü bitərəf və humanitar təşkilat hesab edirsə, onun əsas məqsədi münaqişə və müharibə tərəflərindən birinin tərəfinin tutulması deyil, sırf humanitar məsələlərlə məşğul olmasıdır. Eyni zamanda hər bir dövlətin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Düşünürəm ki, Azərbaycan tərəfi də bunu Beynəlxalq Qırmızı Xaç Komitəsindən hər zaman tələb edib. Əgər Beynəlxalq Qırmızı Xaç Komitəsi bundan sonra da fəaliyyətini bu cür davam etdirərsə, mən düşünürəm ki, dövlətimiz bu təşkilatla münasibətlərinə, əlaqələrinə yenidən baxmalıdır. Çünki əgər biz bu cür ixtisaslaşdırılmış təşkilatdan humanitar yardım, dəstək görmürüksə, onda ümumiyyətlə, onun Azərbaycanda nə işi var.
Cavid Əkbərov, "İki sahil"