09 aprel 2024 18:37
541

Beynəlxalq Qırımızı Xaç Komitəsinin Bakıda və Bərdədə fəaliyyət göstərməsinə nə ehtiyac var? - AÇIQLAMA/ÖZƏL

Bu komitənin Azərbaycan ərazisində fəaliyyət göstərməsi üçün nə mənəvi, nə də hüquqi-siyasi əsas yoxdur

Beynəlxalq Qırımızı Xaç Komitəsinin fəaliyyəti hansı ölkələrdə həyata keçirilir? Bu təşkilatın nizamnaməsində həmin məsələlər aydın şəkildə yazılıb. Müharibə gedən, münaqişələr olan ərazilərdə Beynəlxalq Qırımızı Xaç Komitəsi öz fəaliyyətini qurar, qaçqınlar, məcburi köçkünlər, xəstələr, itkin düşmüş insanlarla bağlı fəaliyyətini sürdürər. Bu gün Azərbaycan ərazisində Beynəlxalq Qırımızı Xaç Komitəsinin öz fəaliyyətini davam etdirməsinin heç bir əsası yoxdur. Birincisi, ona görə ki, Azərbaycan ərazisində müharibə və münaqişə yoxdur. Azərbaycan dövləti suverenliyini bütün ölkə ərazilərində bərqərar edib, bütün dövlət sərhədlərinə nəzarət edir. Yəni Beynəlxalq Qırımızı Xaç Komitəsinin nizamnaməsinə bu təşkilatın Azərbaycanda, həm də iki şəhərdə, Bakıda və Bərdədə fəaliyyət göstərməsi uyğun deyildir. Bu, qeyri-normal bir haldır. Hesab edirəm ki, bu söylədiyim məsələnin hüquqi-siyasi tərəfidir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Deputat qeyd edib ki, məsələnin mənəvi-psixoloji tərəfi də var. Azərbaycan ərazisində fəaliyyətini davam etdirəm Beynəlxalq Qırımızı Xaç Komitəsi özünün bütün keçmiş fəaliyyətinə diqqət yetirməlidir. Özünə belə bir sual verməlidir ki, bundan sonra onun Azərbaycanda fəaliyyətini davam etdirməsinə, xalqımızın qarşısına çıxamağa üzü varmı? Məncə cavab aydındır. Bu suala cavab axtarmaqdan ötrü Beynəlxalq Qırımızı Xaç Komitəsinin Birinci Qarabağ müharibəsi zamanı fəaliyyətinə diqqət yetirək. Bu təşkilat, bu Komitə yalnız ermənipərəst mövqe tutub. Onların fəaliyyəti haqqında, korrupsiyaya bulaşmaları barədə mediada çoxlu məlumatlar verilib. Hamı çox yaxşı bilir ki, indiyədək təxminən 4 min Azərbaycan vətəndaşından xəbər yoxdur. Beynəlxalq Qırımızı Xaç Komitəsi bu məsələ ilə bağlı nə iş görüb, hansı fəaliyyəti var?

Musa Qasımlı qeyd edib ki, Ermənistan vaxtilə işğal etdiyi ərazilərimizə minalar basdırıb. Beynəlxalq Qırımızı Xaç Komitəsi Ermənistanın bu antiinsani fəaliyyətinə qarşı hansı işləri görüb? Sanki 1991-ci ildən sonra Beynəlxalq Qırımızı Xaç Komitəsinin fəaliyyəti ermənipərəst olub. Ona görə də bu komitə Azərbaycan xalqının üzünə çıxası deyil. O mənəvi haqqını itirib, hesab edirəm ki, Azərbaycan ərazisini tərk etməlidir. Bu komitənin Azərbaycan ərazisində fəaliyyət göstərməsi üçün heç bir hüquqi-siyasi əsas yoxdur və mənəvi baxımdan da hər şeyi itirib.

Cavid Əkbərov, “İki sahil”