25 yanvar 2018 23:41
956

Bakıda "HR konfransı" keçiriləcək

Bakıda "HR Konfransı" keçiriləcək.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildiriblər ki, ABA-da keçirilən "Tədris strategiyaları və İnsan Resursları üzrə" Ekspert Qrupunun iclasının gündəliyində duran əsas məsələ "HR konfransı"nın təşkili və konfransın gündəliyindəki mövzular olub.

İclasda "HR konfransı"nın keçirilməsi qərara alınıb. Konfransın gündəliyindəki əsas məsələlər işçilərin motivasiyası, digital HR, kadr rezervinin hazırlanması, karyera inkişafı, smart hədəflər, işçilərin iş yüklərinin hesablanması və s. bu kimi məsələlərdir.

İclasda, həmçinin qeyd olunub ki, konfransın keçirilməsi ilə bağlı banklardan təkliflərin alınması, sorğuların həyata keçirilməsi və digər aidiyyəti məsələlər üçün Ekspert Qrupunun nəzdində İşçi Qrupu yaradılmalıdır.

Qeyd edək ki, ABA 1990-cu ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 29 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.