25 yanvar 2018 15:01
1116

Azərbaycan Avropanın ən yaxşı investorudur

Xaricə yatırdığımız sərmayələr ölkəmizə nə qədər iqtisadi divident gətirib?

Azərbaycan bu gün bir neçə qlobal iqtisadi layihələrə müəlliflik etməklə regionun lider ölkəsi mövqeyini əldə edib. Məhz bu kimi nəhəng layihələrin icrasının uğurla davam etməsi Avropanı sözün həqiqi mənasında ölkəmizlə hərtərəfli əməkdaşlığa sövq edir.

Eyni zamanda, iqtsadiyyatımızın yüksələn xətlə inkişafı da məhz bu qlobal layihələrin ölkəmizə gətirdiyi böyük həcmli maliyyə resurslarına bağlıdır. Artan maliyyə resurlarımızla biz nəinki yeni infrastruktur yaradırıq, eyni zamanda, ölkə iqtisadiyyatına və xarici ölkələrə geniş sərmayələr yatırırıq. Təbii ki, iqtisadi qanunlara görə, hər yatırılan bir manat sərmayə bəzən 30-40 dəfədən çox gəlir gətirir. 

Bu gün ölkəmiz üçün ən vacib məqamlardan biri odur ki, artıq Azərbaycan sərmayələr yatırılan ölkədən sərmayələr yatıran ölkəyə çevrilib. Belə ki, 23 il bundan əvvəl iqtisadiyyatına, ilk növbədə neft-qaz sənayesinə xarici sərmayə cəlb etməyə çalışan Azərbaycan son illərdə artıq özü digər ölkələrə, o cümlədən Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniyaya, Belarusa və digər onlarla ölkəyə sərmayə yatırır. Xüsusilə bu gün Avropanın inkişaf etməkdə olan ölkəsi qardaş Türkiyədə SOCAR-ın çox ciddi sərmayələri mövcuddur. Burada neft sektorunda yeganə istehsalçısı olan “Petkim Holdinq”  SOCAR-ın idarəçiliyi altında davamlı olaraq uğurlar qazanır. Holdinq 2016-cı ili yüksək maliyyə nəticələri ilə başa çatdırmış, 207 milyon ABŞ dolları həcmində xalis mənfəət əldə etmişdir. 15 zavod, 6 köməkçi infrastruktur və ildə 3,6 milyon ton istehsal gücünə malik “Petkim”in əsas hədəfi istehsalat və xidmət keyfiyyətinin yüksəldilməsindən, istehlakçıların artan tələbatlarının vaxtında təmin edilməsindən ibarətdir. Dinamik inkişafda olan Türkiyə neft-kimya bazarında “Petkim”in payını 30 faizədək artırmaq məqsədilə neft emalı-neft kimyası-enerji-logistika-distribusiya zəncirindən ibarət geniş bir inteqrasiya layihəsinə start verilmişdir. Layihə 2023-cü ildə başa çatdırılacaq.

Burada illik emal gücü 10 milyon ton həcmində nəzərdə tutulan “STAR” neft emalı zavodu  ilk növbədə “Petkim”i xammalla (yüngül və ağır nafta ilə) təmin etmək üçün inşa olunur. “STAR”ın Azərbaycan iqtisadiyyatına ilk 5 ildə hər il 614 milyon dollar, növbəti 10 il ərzində isə hər il 864 milyon dollar həcmində gəlir gətirəcəyi gözlənilir. Müəssisədə ilk məhsulun 2018-ci ildə istehsal ediləcəyi planlaşdırılır.

Hazırda görülən işlərlə yanaşı, “Petkim” və “STAR” zavodunu elektrik enerjisi ilə fasiləsiz təmin edəcək külək enerji stansiyası tikilir. İnteqrasiya zəncirində vacib halqalardan birini təşkil edən konteyner limanının inşası üzrə Hollandiyanın “APM Terminals” şirkəti ilə də əməkdaşlıq uğurla davam edir. Müqaviləyə əsasən, liman 28 il müddətində bu şirkət tərəfindən idarə olunacaq. Egey bölgəsinin ən böyük konteyner limanı olan “Petkim”in inşası keçən il yekunlaşıb. Bu layihənin potensialı 1,5 milyon standart konteyner təşkil edir. “Petkim”in davamlı inkişafı məqsədilə həyata keçirilən investisiya layihələri “SOCAR-Türkiyə Enerji” şirkətini bütövlükdə regionun ən böyük neft-kimya, logistika, konteyner, limançılıq və distribusiya komplekslərindən birinə çevirəcək.

Göründüyü kimi, Azərbaycan iqtisadiyyatının investisiya proqramlarının həyata keçirilməsi və bu yolla xarici ölkələrlə məhsuldar iqtisadi əlaqələrin qurulmasında neft-qaz sektoru mühüm rol oynayır. Dövlət Neft Şirkətinin son illərdə dünya enerji bazarına inamla daxil olması bunun təsdiqidir.

Həmçinin Gürcüstanda Kulevi “Black Sea” terminalı Qara dənizdə strateji mövqe qazanmışdır. İldə 10 milyon ton neft və neft məhsullarının nəqlinə imkan verən terminalla Azərbaycan və Xəzər hövzəsindəki digər istehsalçı ölkələrin yükünün daşınması həyata keçirilir. İndiyədək buradan milyonlarla ton neft və neft məhsulları ötürülüb.

Azərbaycan Gürcüstanın regional qaz təchizatında və neft məhsullarının pərakəndə satış bazarında da əhəmiyyətli yer tutur. Bu  vəzifəni həyata keçirən “SOCAR Georgia Gas” MMC  ardıcıl olaraq “İlin ən yaxşı şirkəti” adına layiq görülür. MMC Gürcüstanda 567 mindən artıq abonentə xidmət edir. Gürcüstanda SOCAR brendi ilə 115 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir. Gələcəkdə bu ölkədə şəbəkənin daha da genişləndirilməsi nəzərdə tutulur.

İsveçrədə treydinq şirkətinin yaradılması da qabaqcıl beynəlxalq neft şirkətlərinin təcrübəsinə uyğundur və ölkəmizdə həyata keçirilən iri neft-qaz layihələrində Azərbaycanın payına düşən mənfəət neftinin əhəmiyyətli dərəcədə artmasından, həmin həcmlərin səmərəli şərtlərlə satışının təşkil olunması zərurətindən irəli gəlib.

İsveçrə, Rumıniya və Ukraynanın pərakəndə neft məhsullarının satışı bazarlarında da Azərbaycanın yeri möhkəmlənib. Hazırda SOCAR brendi ilə İsveçrədə 164, Ukraynada 61, Rumıniyada 38 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir.

Təbii ki, sərmayəçilikdə tətbiq olunan innovativ metodlar Avropa alıcılarının xeyli rəğbətini qazanıb. Ona görə də əminliklə demək olar ki, növbəti illərdə də ölkəmizin sərmayə bazarının daha da genişlənməsi davam edəcək.

Elçin Zaman, “İki sahil”