15 aprel 2024 15:15
441

Azərbaycan regionda sabitlik və təhlükəsizlik adasıdır - AÇIQLAMA

Milli Məclisin deputatı İlham Məmmədov İkisahil.TV-yə açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın ən sabit və  təhlükəsiz dövlətlərindən biridir.  Dünya ölkələri ilə bərbabərhüquqlu və qarşılıqlı münasibətlərin qurulması, beynəlxalq təşkilatlarla səmərəli əlaqələrin yaradılması, yeni tərəfdaşların tapılması və yüksək səviyyəli əməkdaşlığın həyata keçirilməsi, mehriban qonşuluq siyasətinin formalaşdırılması, beynəlxalq ədalətin təmin olunması Azərbaycanın yürütdüyü xarici siyasətin əsas istiqamətləridir. Bu gün Azərbaycan regionda sabitlik və təhlükəsizlik adası kimi tanınır.

Deputat qeyd edib ki, milli maraqlara əsaslanan müstəqil və çevik xarici siyasətin həyata keçirilməsində Prezident İlham Əliyevin qonşu və digər dövlətlərin başçıları ilə görüşləri, yüksək səviyyəli dialoqu və müzakirələri müstəsna əhəmiyyətə malikdir. Dövlət başçımızın iradəsi ilə regiondakı proseslər, xüsusilə regional təhlükəsizlik sisteminin qurulması inkişaf etməkdədir. Reallıqdır ki, dünyada  mövcud problemlər və qarşıdurmalar fonunda Azərbaycan iqtisadi-hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır. Dünyanın aparıcı gücləri isə bu gün yaratdıqları və görməzdən gəldikləri çoxsaylı problemlərin həlli ilə məşğuldurlar. Beynəlxalq ictimaiyyətin üzləşdiyi gərginlik, qarşıdurma, müharibə və iqtisadi böhranlar fonunda ölkəmizdə sabitliyin hökm sürməsi Azərbaycanın haqlı, ədalətli mövqeyinin nəticəsidir.

Rəsmi Bakı bütün görüş və toplantılarda sülh çağırışlarına sadiqliyini nümayiş etdirir. Azərbaycan qalib ölkə olmasına baxmayaraq regional sabitliyin, təhlükəsizliyin təmini  məqsədilə İrəvana sülh, əməkdaşlıq təklifləri edir. Ancaq Ermənistan və onun Avropadakı havadarları ara qarışdırmaqla məşğuldurlar. Azərbaycan regionda həyata keçirilməsinə cəhd olunan planlara qarşı qəti mövqe bildirir və buna qarşı çıxır.

Deputat diqqətə çatdırıb ki, bu gün Rusiya-Ukrayna müharibəsi, İsrail-İran və Afrikada baş verən gərginliklər dünyada hərbi-siyasi məsələləri gündəmə gətirir. Bu münaqişələr nəticəsində kütləvi insan ölümləri, şəhərlərin yer üzündən silinməsi, çoxsaylı qaçqın və məcburi köçkünlər ordusunun yaranması dünya ictimaiyyətinə bəllidir. Bu konteksdən yanaşdıqda Azərbaycan regionda mehriban qonşuluq siyasətini təşviq etməklə Cənubi Qafqazın sülh məkanına çevrilməsinə tövhə verib. Tarixi Zəfərimizdən  sonra Azərbaycanın Ermənistana təklif etdiyi sülh təklifi də bunun bariz nümunəsidir. 

Şəmsiyyə Əliqızı,”İki sahil”