15 aprel 2024 19:15
484

Radikalların ixtilaf yaratmaq niyyəti baş tutmayacaq - AÇIQLAMA

Bu günlərdə radikal müxalifətin aprelin 21-də mitinqin keçirilməsi barədə bəyanatları və çağırışları yayılır. Ümumiyyətlə, regionda son zamanlar cərəyan edən hadisələr fonunda radikal müxalifətin mitinq təyin etmək məqsədi hər kəsə məlumdur. Bu gün artıq deyə bilərik ki, heç bir dayağa və nüfuza malik olmayan ayrı-ayrı şəxslər guya siyasətdə mövcud olmalarını sübut etmək istəyirlər. Eyni zamanda, xaricdən aldıqları qrantlara bəraət qazandırmaq istəyirlər, yeni vəsaitlərin cəlb olunmasını arzu edirlər. Amma hər kəsə məlumdur ki, bundan öncəki tədbirlər kimi, bu mitinq adlı dırnaqarası tədbirin də heç bir nəticəsi olmayacaq. Çünki orada səsləndirilən şüarlar əvvəlki kimi eyni şüarlardır.  Azərbaycan xalqı çox gözəl bilir ki, kim, nə ilə məşğuldur? Kimin hansı məqsədi, niyyəti, hədəfləri var?

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirdi.

Deputat qeyd etdi ki,  bu kimi tədbirlərin təşkili siyasi məqsədlərə xidmət edir, ölkədə hərc-mərclik, xaos yaratmaq məqsədi daşıyır. Amma buna nail ola bilməyəcəklər. İllər boyu bu cür tədbirlərin keçirilməsi ilə həmin şəxslər heç nəyə nail olmamışlar. Eyni zamanda, sual olunur ki, əgər siz bu cür siyasi mübarizə aparmaq istəyirsinizsə, ölkənin siyasi meydanında olmaq istəyirsinizsə, sivil qaydada mübarizə aparmaq lazımdır. Niyə aparmırsınız? Bununla bağlı istənilən seçki kampaniyası və tədbirləri zamanı həmin tədbirləri boykot etməklə yenə də bir siyasi xallar qazanmaq istəyirlər. Bu, çox səhv yoldur və təbii ki, istənilən qanunsuz və razılaşdırılmamış tədbirlərin qarşısı qətiyyətlə alınacaqdır. Çünki bizim milli qanunvericiliyimiz, o cümlədən “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun və Konstitusiyada müvafiq müddəalar var. Təbii ki, həmin müddəalara əməl edilməsi ən ali vəzifədir və düşünürəm ki, bu cür qüvvələrin qanunvericiliyimizi pozması nəticəsində həm onların özlərinə, eyni zamanda cəmiyyətə böyük zərər gətirir. Amma buna baxmayaraq təbii ki, Azərbaycanın aidiyyəti qurumları bununla bağlı cavab tədbirləri görəcək, öz reaksiyasını bildirəcək və razılaşdırılmamış, qanunsuz aksiyalara heç bir halda yol verilməyəcək. 

Cavid Əkbər, “İki sahil”