16 aprel 2024 13:44
288

Radikalların mitinq planının arxasında anti-Azərbaycan dairələr dayanır - RƏY

Radikal müxalifətin cəmiyyətdə qarşıdurma yaratmaq cəhdləri onların fəaliyyət proqramının demək olar ki, əsasıdır. Çünki bu, xaricdən gələn bir tapşırıqdır, alınan maliyyə vəsaitlərinin silinməsinə yönəldilib və bununla müxalifət guya özünün varlığını sübut etmək niyyətindədir. Sözsüz ki, bu planlar bir mərkəzdən idarə olunur və son zamanlar bir çox ölkələrdə baş verən hadisələr bunu deməyə əsas verir. "Milli şura"nın aprelin 21-nə planlaşdırdığı mitinq də sözsüz ki, anti-Azərbaycan dairələrinin çirkin məqsədlərinin ifadəsidir və sözsüz ki, heç nə yaxşı məqsədlərə hesablanmamışdır. Ancaq çox maraqlıdır ki, planlaşdırılmış bu mitinqdə radikal müxalifət hansı şüarlarla çıxış edəcək? Çünki onlar uzun illər Qarabağ probleminin həll olunmamasını əldə şüar edərək belə mitinqlərin keçirilməsinə cəhd göstərmişlər. Ancaq bu gün artıq Qarabağ və Şərqi Zəngəzur torpaqları işğaldan azaddır.

Bu fikirləri Milli Məclisin komitə sədri Tahir Rzayev “İki sahil”ə özəl açıqlamasında bildirdi.

Deputat qeyd etdi ki,  Azərbaycan xalqı öz birliyini bütün dünyaya nümayiş etdirib. Dövlət başçımız özünün düşünülmüş siyasəti ilə Azərbaycanı daha da qüdrətləndirib. Prezident İlham Əliyev bildirir ki, biz Azərbaycana qarşı yönələn bütün məkrli niyyətləri dəf etməyə, uzanan çirkin əlləri kəsməyə qadirik. Ölkə iqtisadiyyatı da normal inkişaf edir, demokratiya və söz azadlığına üstünlük verilir, mültikultural dəyərlər uğurla həyata keçirilməkdədir. Çox mühüm tədbirlər Azərbaycanda təşkil edilir. Hazırda Azərbaycan istər iqtisadi cəhətdən, istərsə ictimai-siyasi sabitliyinə dünyada ən seçilən və yüksək qiymətləndirilən ölkələrdən biridir. Belə olan halda radikal müxalifətin aprelin 21-də mitinq təyin etməsi sözsüz ki, xaricdən gələn bir sifarişdir. Heç şübhəsiz ki, bu sifarişin arxasında anti-Azərbaycan dairələr, ermənipərəst qüvvələr dayanır. Bu gün radikal müxalifətin, "milli şura"nın ölkədə heç bir dəstəyi yoxdur. Xalq radikallara qəti şəkildə inanmır, çünki onların həm keçmiş fəaliyyətinə, həm də əsl xislətlərinə  yaxşı bələddir.  Onların hansı məqsədlərə xidmət etdiyini yaxşı bilir. Məqsəd sifariş  əsasında ölkəmizin maraqlarının əleyhinə fəaliyyət göstərmək, qarşıdurmaya cəhd etmək, müəyyən mənada ictimai-siyasi sabitliyi pozmaqdır.

Tahir Rzayev bildirdi ki, radikallar bu niyyətlərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycan xalqı bu insanlara qarşı özünün kəskin nifrətini bildirib, indi də bildirir və bundan sonra da elə olacaq. Belə sifarişli mitinq cəhdləri bir daha göstərir ki, radikallar siyasi dialoqa hazır deyil. Onlar siyasi meydanda sivil mübarizə aparmaq qabiliyyətlərini itiriblər və ancaq sifariş əsasında icazəsiz mitinqlərə, radikal hərəkətlərə üstünlük verirlər. Sözsüz ki, bu niyyətlər həyata keçən deyil. Çünki Azərbaycan artıq küçə savaşlarından, küçə yığıncaqlarından çoxdan qurtarıb, bu hərəkətləri törədənlərə qarşı amansız mübarizə aparmağa qadirdir. Çünki hər şey qanunvericiliyə uyğun olmalıdır, hər şey insanların mənafeyinə xidmətə yönəldilməlidir. Bütün hallarda dövlətin maraqları öndə olmalı, insanların rahatlığı, əmin-amanlığı, ictimai-siyasi sabitlik təmin olunmalıdır.

Cavid Əkbər, "İki sahil"