16 aprel 2024 14:24
274

Azərbaycan cəmiyyəti radikallara dəstək vermir və verməyəcək - AÇIQLAMA

Bu günlərdə radikal müxalifətin aprelin 21-də mitinqin keçirilməsi barədə bəyanatları və çağırışları yayılır. Heç şübhəsiz ki, müxalifətin cəmiyyəti çaşdırmağa, ara qarışmağa, sabitliyi pozmağa yönəlik fəaliyyətləri iflasa məhkumdur.

Mövzu ilə bağlı “İki sahil”ə açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, belə bir çağırış var: Amma cəmiyyət tərəfindən radikallara heç bir dəstək verilməyəcək. İş burasındadır ki, Azərbaycan cəmiyyəti indiki radikal müxalifət nümayəndələrinin 1990-cı illərdə ölkəmizə və xalqımıza nə kimi fəlakətlər gətirdiyini yaxşı bilir. Digər tərəfdən onların bu gün təbliğ etdikləri siyasətin Azərbaycana yenidən nə kimi problemlər yaradacağını xalqımız yaxşı başa düşür. Qaldırdıqları tələblər absurddur. Ona görə də sifarişli mitinq cəhdi şoudan başqa bir şey deyil. Siyasi məhbus məsələsini qaldırırlar. Məgər ölkəmizdə kimsə siyasi əqidəsinə görə həbs olunubmu? Elədirsə, onda müxalifət liderləri necə olur ki, açıq şəkildə hakimiyyəti tənqid edirlər, sərt fikirlər səsləndirirlər, rəsmi mövqeyi ilə razılaşmırlar. Göründüyü kimi, bu iddianın heç bir əsası yoxdur.  Azad mətbuat, senzurasız internet var. Azərbaycan açıq cəmiyyətdir, siyasi fəaliyyətə heç bir məhdudiyyət qoyulmur. 

Deputat qeyd etdi ki, radikal müxalifətin mitinq çağırışı xaricdən gələn tapşırıqdır. Azərbaycanın bu gün sərhədləri yaxınlığındakı regionlarda çox ağırılı, narahatedici proseslər baş verir. İsrail-Fələstin hərbi qarşıdurması, bu günlərdə İran və İsrail arasında baş verən hücumlar, bunlar regiondakı vəziyyəti həddən artıq gərginləşdirib. Belə olan halda stabil inkişaf edən bir ölkənin olması xaricdə müəyyən dairələri narahat edir. Narahat edir ki, neftdən gələn gəlirlər Neft Fonduna toplanır, cəmiyyətin inkişafına, strateji proqramlara, işğaldan azad olunmuş torpaqların bərpasına gedir. Narahat edir ki, Azərbaycanda sosial məsələlərin həlli dövlətin diqqətindədir. Manatımız stabildir, yeni iş yerləri açılır. Azərbaycanın daxili siyasət məsələləri xaricdəki müəyyən kabinetlərdə deyil, ölkəmizin özündə həll edilir. Yada salım ki, bir müddət əvvəl xarici jurnalistlərdən biri dövlətimizin başçısına “Bir problem olarsa, hansı paytaxta zəng edərdiniz” sualını vermişdi. Prezident İlham Əliyev isə “Mən Bakıya zəng edərdim” - deyə çox mükəmməl bir cavab verdi. Göründüyü kimi, Azərbaycan xalqı özü öz taleyini həll edir. Radikal müxalifət isə bu gün xaricin tapşırıqları yerinə yetirmək üçün canfəşanlıq edir. Ancaq cəmiyyət onların arxasınca getmir və getməyəcək, insanlar onları heç vaxt dəstəkləməyəcək. Həmişəki kimi, onların bu niyyətləri də məğlubiyyətə düçar olacaq.

Cavid Əkbər, "İki sahil"