24 yanvar 2018 17:18
1173

5 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb

Muxtar respublikada ötən ildə 5 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb

Muxtar respublikada torpaqların elektron uçotunun aparılması və təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması zamanı operativliyin təmin edilməsi 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqət mərkəzində saxlanılıb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda müəyyənləşdirilmiş vəzifələrin icrası üçün Şərur rayonunun Dəmirçi, Maxta, Qarxun, Şəhriyar, Vərməziyar, Tumaslı, Vayxır, İbadulla və Ərəbyengicə, Kəngərli rayonunun Şahtaxtı, Qarabağlar və Xok, Babək rayonunun Babək qəsəbə, Məmmədrza Dizə, Yarımca və Cəhri, Culfa rayonunun Bənəniyar, Xanəgah və Əlincə, Ordubad rayonunun Dəstə, Yuxarı Əylis və Aşağı Əylis bələdiyyələrinin torpaqlarının qida maddələri ilə təmin olunma kartoqramları hazırlanıb.

“Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli Fərmanının icrası ilə bağlı proqram təminatının hazırlanmasına başlanılıb, sistemə daxil ediləcək məlumatların modeli hazırlanıb. Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin, bələdiyyələrin, yaşayış məntəqələrinin sərhədləri, kənd təsərrüfatı yerləri, torpaq islahatına cəlb edilmiş kənd təsərrüfatı yerlərinin sərhədləri, meşə və kolluqlar, qeyri-kənd təsərrüfatı təyinatlı torpaqlar haqqında məlumatlar hazırlanaraq komitənin elektron məlumat bazasına yığılıb.

Torpaq sahələrinin konturlarının çöl geodeziya ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi və parametrlərin torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi məqsədilə müasir geodeziya-ölçü avadanlıqları vasitəsilə Naxçıvan şəhərinin, Şərur və Babək rayonlarının ərazilərində daşınmaz əmlak obyektlərinin plana alınması işləri aparılıb. Topoqrafik elementlərin, mühəndis-kommunikasiya xətləri və qurğularının, xüsusi qorunan ərazilərin, hidroqrafiya elementlərinin sərhədləri müəyyənləşdirilib. Naxçıvan şəhərində 12 min 392, Babək rayonunda 5812, Şərur rayonunda isə 3032 daşınmaz əmlak obyekti plana alınıb.

Muxtar respublika üzrə torpaq sahələrinin təyinatının istifadə vəziyyəti daim nəzarətdə saxlanılıb, aşkarlanmış qanunsuz istifadə faktları aktlaşdırılıb, torpaqların qanunsuz istifadəsinin aradan qaldırılması və qanunsuz tikililərin sökülərək torpaqların əvvəlki vəziyyətinə qaytarılması üçün müvafiq tədbirlər görülüb. Muxtar respublika üzrə 50 bələdiyyənin sərhəd xəritələri və müvafiq yerquruluşu sənədləri hazırlanaraq dövlət reyestrinə daxil edilməsi üçün aidiyyəti üzrə göndərilib. Şərur rayonunun 40 bələdiyyəsinin və Babək rayonunun bütün bələdiyyələrinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron torpaq kadastr xəritələri hazırlanıb, kadastr xəritələrinin məlumatları ilə torpaq reyestrində saxlanılan məlumatların uyğunluğu yoxlanılıb və uçotu aparılıb.

Müxtəlif təşkilatların sifarişi ilə 480-dən artıq xəritə, plan və sxemlər hazırlanaraq aidiyyəti üzrə təhvil verilib. İl ərzində, ümumilikdə, muxtar respublika üzrə 2086 torpaq sahəsi, 75 qeyri-yaşayış binası, 74 qeyri-yaşayış sahəsi, 921 mənzil, 1852 fərdi yaşayış evi, 13 əmlak kompleksi kimi müəssisə olmaqla, cəmi 5021 daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Bu dövrdə muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 764 daşınmaz əmlak obyektinə ünvan verilib, 787 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Vətəndaşlara səyyar xidmətin göstərilməsi də davam etdirilib, il ərzində muxtar respublika üzrə 92 yaşayış məntəqəsində 899 vətəndaşın müraciətinə baxılıb.