17 aprel 2024 11:01
265

Radikalların “mitinq” şousu anti-Azərbaycan dairələrin sifarişidir

“Milli şura” adlanan marionet dərnək milli heysiyyətini itirmiş adamların cəlb olunduğu “beşinci kolon”dur

ABŞ, Aİ və Ermənistan arasında 5 aprel görüşü bir daha göstərdi ki, kollektiv Qərb regionda imperialist məqsədlərlə möhkəmlənməkdə israrlıdır. Lakin Azərbaycanın hərbi-siyasi zəfərləri ilə yaratdığı reallıq bərbərhüquqlu əməkdaşlıqda ehtiva olunmayan istənilən yanaşmanı istisna edir. Nəticə etibarilə regionda Azərbaycanla hesablaşmağa məcbur qalan Qərbi isə bu ssenari qane etmədiyi üçün özünə bağlı proksi qüvvələri işə salaraq ölkəmiz əleyhinə kompleks hücumlar başladır. Təsadüfi deyil ki, xaricdən müxtəlif səviyyələrdə korrupsiyalaşmış parlamentarilərin, ayrı-ayrı beynəlxalq media qurumları və “Freedom House”un timsalında beynəlxalq QHT-lərin anti-Azərbaycan hücumlarının aktivləşdiyinin şahidi olmaqdayıq.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söylədi.

Radikallar bir daha göstərirlər ki, onlar Qərbin Azərbaycanın milli maraqlarına zidd istənilən tapşırığını yerinə yetirməyə hazırdırlar

Deputat bildirdi ki,  Qərb üçün sirr deyil ki, Azərbaycan dövləti cənab İlham Əliyevin rəhbərliyi altında öz tarixində ən qüdrətli dövrünə qədəm qoyub, Azərbaycan xalqı isə tarixin heç bir dövründə olmadığı qədər həmrəydir. Kənardan bu reallığı dəyişə bilməyəcəyini anlayan Qərb təlimatçıları çarəni ölkə daxilində milli heysiyyətini itirmiş insanlar -  Azərbaycan daxilindəki özünə bağlı antimilli ünsürləri prosesə cəlb etməklə cəmiyyətdə qarşıdurma yaratmaq cəhdində görür. Kollektiv Qərb, eyni zamanda, təsadüfi deyil ki, xeyli müddətdir qınına çəkilmiş Əli Kərimov və özünə bənzər ünsürlər məhz Qərbin səlib yürüşünün başlaması ilə yenidən fəallaşmaqdadırlar. 21 aprel tarixinə planlaşdırılan “mitinq” şousu da məhz bu proseslərin tərkib hissəsidir və bu, əslində “Milli şura” adlanan marionet dərnəyin yox, anti-Azərbaycan dairələrin ölkəmizin daxilində təzyiq yaratmaq məqsədi güdən sifarişidir. İndiki həssas məqamda, heç bir zərurət olmadan mitinq qərarı verməklə əslində antimilli qruplaşma özünü ifşa etmiş oldu və bir daha göstərdi ki, “Milli şura” adlanan təsisat milli heysiyyətini itirmiş adamların cəlb olunduğu “beşinci kolon”dur. Bütün fəaliyyətləri ixtilaf üzərində qurulmuş və varlıqlarını Qərb qrantları hesabına sürdürən bu radikallar bir daha göstərməkdədirlər ki, onlar Qərbin Azərbaycanın milli maraqlarına zidd istənilən tapşırığını yerinə yetirməyə, anti-Azərbaycan dairələr üçün əl buyruqçusu rolunu oynamağa çoxdan razıdır.

Regionun təhlükəsizlik adası olan Azərbaycanda insanları küçə iğtişaşlarına dəvət etmək milli xəyanət və siyasi məsuliyyətsizlikdir

Bəhruz Məhərrəmov qeyd etdi ki, müdrik Azərbaycan xalqı baş verənlərin əsl mahiyyətini yaxşı dərk edir və hər bir məsuliyyətli vətəndaş anlayır ki, qlobal miqyasda müşahidə olunan qeyri-sabitlik, artan gərginlik fonunda regionun təhlükəsizlik adası olan Azərbaycanda insanları küçə iğtişaşlarına dəvət etmək milli xəyanət və siyasi məsuliyyətsizlikdir. Bu mənada, əgər “Milli şura” adlanan dərnək bu çağırışı siyasi fəaliyyət hesab edirsə, yanılır. Kütləvi iğtişaşlara çağırış yalnız və yalnız siyasi dialoqu inkar edən, sağlam rəqabətə hazır olmayan kəsimlərin çıxış yoludur və reallığı da nəzərə alsaq, əminliklə deyə bilərik ki, 21 aprelə planlaşdırılan mitinq avantürası ideya olaraq, reallaşmadan fiaskoya məhkumdur.

Şəmsiyyə Əliqızı,”İki sahil”