17 aprel 2024 12:13
165

Azərbaycanda boya qurğuşun miqdarını tənzimləyən qanunun qəbul edilməsi təklif edilir

Azərbaycanda boya qurğuşun miqdarını tənzimləyən qanunun qəbul edilməsi təklif edilir.

“İki sahil” xəbər verir ki, bu təkliflə səhiyyə nazirinin müavini İlqar Qasımov aprelin 17-də parlamentdə “Sağlam ailə modelinin hüquqi aspektləri - Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən ictimai dinləmədə çıxış edib.

O bildirib ki, boya tərkibində olan qurğuşun da nəzarətdə olmalıdır: “Çünki bir neçə ölkədə uşaqlardan qan analizi götürülərək qurğuşun səviyyəsini öyrəniblər. Qurğuşun yüksək olanda onkoloji xəstəlik və beyin inkişafı problemləri yaranır. Bu, çox ciddi məsələdir”.

İ.Qasımov qeyd edib ki, Səhiyyə Nazirliyi UNİCEF-in dəstəyi ilə bütün istiqamətlərdə uşaqların sağlamlığı ilə bağlı keçən ilin təhlilini aparıb: “Azərbaycan Tibb Universitetinin kafedraları, elmi tədqiqat mərkəzləri ilə birlikdə ətraf mühitin uşaqların sağlamlığına təsirini araşdırma proqramları üzərində iş gedir. Çünki bu günə qədər belə proqram olmayıb. Aidiyyəti qurumlarla birlikdə ölkədə uşaq və yeniyetmələr arasında artma dinamikası qeyd edilən xəstəliklərin ətraf mühit amilləri ilə əlaqəsini araşdırılmalır. Həmçinin qapalı məkanlarda, uşaq bağçaları və məktəblərdə havanın çirklənmə göstəricilərinə nəzarət gücləndirilməlidir. Yəni ola bilsin həmin müəssisələrə detektorlar qoyulmalıdır. Eləcə də ölkəmizdə boya qurğuşun miqdarını tənzimləyən qanunvericilik sənədi qəbul edilməli, sirkə essensiyanın sərbəst satışı qadağan edilməli, pestisitlər kəskin və xroniki zəhərlənmələrin qarşısının alınması məqsədilə təhlükəli kimyəvi maddələrin və dərman vasitələrinin uşaqlara əlçatanlığının qarşısını almaq, habelə onların təhlükəsiz utilizasiyanı həyata keçirmək lazımdır”.