17 aprel 2024 13:39
858

İmtahandan 300 bal topladığımı biləndə... - Ülkər Mirzəli

Hədəfim təhsilimi xaricdə davam etdirməkdir 

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.   Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, Bakı məktəblərindən 14, region məktəblərindən isə 25 şagird buraxılış imtahanında maksimum nəticə göstərib.

”İki sahil” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin buraxılış imtahanlarında maksimum nəticə göstərən şagirdləri ilə həmsöhbət olub.

İmtahanda ən yüksək nəticə göstərərək 300 bal toplayanlardan biri də Bakının Səbail rayonunundakı 329 nömrəli tam orta məktəbin şagirdi Ülkər Mirzəlidir. Həmsöhbətimiz buraxılış imtahınında yüksək bal toplayacağına inansa da, həyəcan və qorxu hissi keçirdiyini bildirdi: “İmtahandan 300 bal topladığımı biləndə bu xəbəri ilk ailəmlə bölüşdüm. Bu balı toplamağımda mənə dəstək olan ailəmə, məktəb rəhbərliyinə - direktorumuz Elnur Mirzəyevə, sinif rəhbərim Şəlalə Babayevaya və üzərimdə əziyyəti olan digər bütün müəllimlərimə dərin minnətdarlığımı bildirirəm”.

Abituriyentlərə də tövsiyəm odur ki, hədəfləri uğrunda dayanmadan çalışsınlar, özlərinə inansınlar və həyəcan hissini özlərindən uzaq tutsunlar. Uğurun sirrini çox və nizam-intizamlı çalışmaqda görürəm”.

Həmsöhbətimiz vurğuladı ki,  birinci ixtisas qrupu üzrə hazırlaşır və Bakı Ali Neft Məktəbində təhsil almaq istəyir: “Gələcək hədəfim təhsilimi xaricdə davam etdirməkdir, hazırlaşdığım sahə üzrə özümü inkişaf etdirməyi düşünürəm”.

Yaqut Ağaşahqızı, “İki sahil”