18 aprel 2024 10:45
141

Azərbaycan və EBRD COP29 ərəfəsində keçiriləcək ilk bərpa olunan enerji hərracını dəyərləndirib - YENİLƏNİB

Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Avropa Enerji Qrupu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində enerji sahəsində fəaliyyət planları nəzərdən keçirilib.

"İki sahil"in Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu müzakirələr energetika naziri Pərviz Şahbazov Əbu-Dabidə EBRD-nin Avropa Enerji Qrupunun direktoru Qrzeqorz Zielinski ilə görüşündə aparılıb.

Görüşdə enerji sektorunda Bankla əməkdaşlığın prioritet istiqamətləri üzrə müzakirələr aparılıb. EBRD ilə bərpa olunan enerji potensialının artırılması, şəbəkənin təkmilləşdirilməsi, enerji səmərəliliyi, aşağı karbonlu iqtisadiyyat və “Qaradağ” GES-in maliyyələşməsi üzrə əməkdaşlığın yaşıl enerji keçidinə töhfə verdiyi qeyd olunub.

Enerji Effektivliyi Fonduna, enerji səmərəliliyi sahəsində pilot layihələrin həyata keçirilməsinə AYİB-in dəstək imkanları, bərpa olunan enerji hərraclarının keçirilməsi layihəsinin, elektroenergetika sektorunda aşağı karbonlu həll yolları üzrə əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib.

Günəş enerjisi üzrə ilk hərracın keçirilməsi ilə bağlı proseslərə tezliklə başlanacağı qeyd olunub. Azərbaycan (Naxçıvan)-Türkiyə-Avropa enerji xətti, Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi layihələri, 1 QVt gücündə günəş-külək enerjisi stansiyalarının şəbəkəyə qoşulması, enerji sisteminin modernləşdirilməsi ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib. Söhbət zamanı “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsi çərçivəsində müvafiq sahədə qanun layihəsinin hazırlanması ilə əlaqədar son vəziyyət də dəyərləndirilib.

***

Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Avropa Enerji Qrupu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı və digər layihələri dəyərləndirib.

“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Əbu-Dabidə səfərdə olan energetika naziri EBRD-nin Avropa Enerji Qrupunun direktoru Qrzeqorz Zielinski ilə görüşüb.

“Görüşdə Enerji Effektivliyi Fondunun fəaliyyəti, enerji səmərəliliyi sahəsində pilot layihələrin həyata keçirilməsi, Azərbaycan (Naxçıvan) -Türkiyə-Avropa enerji xətti, Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi, 1 QVt gücündə günəş-külək enerjisi layihələrinin şəbəkəyə qoşulması, enerji sisteminin modernləşdirilməsi ilə bağlı əməkdaşlığı müzakirə etdik. COP29 ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı və digər layihələri dəyərləndirdik”, - deyyə P.Şahbazov bildirib.