18 aprel 2024 11:42
131

Zelenski: Konqres Ukraynaya dəstək paketi ilə bağlı müvafiq qərar qəbul etməlidir

Müharibənin, nəhayət, ədalətli formada başa çatmasından ötrü ABŞ Konqresi dəstək paketi ilə bağlı müvafiq qərar qəbul etməsi istiqamətində razılaşmaların icrasını sürətləndirməlidir.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının xüsusi iclasında çıxışında deyib.

O xatırladıb ki, Rusiyanın Çerniqova hücumu nəticəsində 17 nəfər ölüb, 60-dan çox insan yaralanıb: “Bu, hər gün olur. Bu, bir daha göstərir ki, bizim hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız var. Ukraynada Yaxın Şərqdə gördüyümüz müdafiə sistemi yoxdur. Bu, bizi təəssüfləndirir. İsraildə olduğu kimi, bizim ərazimizi də ballistik raketlərdən, “Şahed” pilotsuz uçuş aparatlarından, bombalardan qorumaq lazımdır”.

V. Zelenski qeyd edib ki, Rusiya Ukraynanın demək olar ki, bütün istilik enerjisini məhv edib: “Qarşı tərəf bəndlərə, su elektrik stansiyasının avadanlıqlarına, qaz infrastrukturuna hücum edir”.

Ölkə liderinin fikrincə, Rusiyaya qarşı mübarizə güclənməlidir: “Biz Rusiyadan üstün olmalıyıq ki, müharibə ədalətli şəkildə başa çatsın”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl deyib ki, ABŞ-nin dəstəyi olmadan Kiyev müharibədə qalib gələ bilməyəcək.