19 aprel 2024 00:23
357

Piylənmə uşaqların sağlamlığı üçün risk yaradır

Yeni bir araşdırma göstərir ki, artıq çəki problemi olan uşaqlarda erkən yetkinlik dövründə dağınıq skleroz diaqnozu qoyulma riski daha yüksək ola bilər.

İsveç alimlərinin araşdırmasına görə, piylənmə olan uşaqlarda bu diaqnozun qoyulma riski, olmayanlara nisbətən iki dəfə yüksəkdir.

Stokholmdakı Karolinska İnstitutunun alimləri İsveç Uşaq Piylənmə Müalicə Reyestrində olan məlumatları təhlil ediblər. "Boris" kimi tanınan məlumat bazası uşaqlıqda piylənmənin müalicəsi üçün dünyanın ən böyük reyestrlərindən biridir.

Tədqiqat qrupu 1995-2020-ci illər arasında reyestrə qoşulmuş 2-19 yaş arası uşaqlar haqqında məlumatlara baxıb və onların məlumatlarını ümumi əhali qrupundakı uşaqlarla müqayisə edib.

Onların araşdırmasına orta yaşları 11 ikən piylənmə ilə müalicəyə başlayan 21600-dən çox artıq çəkili və piylənməsi olmayan 100 mindən çox uşaq haqqında məlumatlar daxil edilmişdir.

"Məhdud izləmə müddətinə baxmayaraq, əldə etdiyimiz nəticələr uşaqlıqda piylənmənin erkən dağınıq sklerozun başlanğıc həssaslığını iki dəfədən çox artırdığını vurğulayır", -nəticələrə uyğun olaraq tədqiqatçılar belə deyiblər.

"Uşaqlıqda piylənmənin təsirlərindən biri də aşağı dərəcəli, lakin xroniki iltihaba səbəb olmasıdır və çox güman ki, bu iltihab kimi bir neçə xəstəliyin inkişaf riskini artırır", - tədqiqat müəllifləri, dosent Emilia Haqman və professor Klaudi Markus bildiriblər.

"Həmçinin belə hesab edilir ki, xroniki aşağı dərəcəli iltihab astma, artrit, 1-ci tip diabet və xərçəngin bəzi formaları kimi digər xəstəliklər riskini artırır. Bununla belə, biz bilirik ki, arıqlamaq iltihabı və çox güman ki, belə xəstəliklərin inkişaf riskini azaldır", -deyə mütəxəssislər qeyd ediblər.

Tədqiqatı şərh edən Dağınıq Skeleroz Cəmiyyətinin tədqiqat rəhbəri doktor Klar Ualton bunun genetik və ətraf mühit faktorlarından və bəzi xəstəliklərdən qaynaqlandığını göstərib. Məsələn: viral infeksiyalar və D vitamini səviyyəsinin aşağı olması.

“Bu tədqiqat piylənmənin dağınıq skleroz riskində oynadığı rol, xüsusən də uşaqlıq dövründəki təsiri haqqında anlayışımızı artırır. Bu gün Böyük Britaniyada 130 mindən çox insan dağınıq skleroz ilə yaşayır və bu kimi tədqiqatlar belə insanların sayının gələcəkdə necə dəyişəcəyini proqnozlaşdırmaqda bizə kömək etmək üçün vacibdir", -deyə tədqiqat rəhbəri bildirib.

Nubar Süleymanova, “İki sahil”