19 aprel 2024 23:33
266

Narkomaniya uçuruma aparan yoldur

Məlum olduğu kimi, ölkəmizdə əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti onların təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, iqtisadi-siyasi və mədəni həyatda fəal iştirakını əhatə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu meyarlara əsaslanan gənclər siyasəti hazırda uğurla davam etdirilir.

Respublikamızda uşaq və gənclərin zərərli vərdişlərdən, o cümlədən bəşəri bəla hesab olunan narkomaniyadan qorunması istiqamətində mühüm işlər görülür. Bununla bağlı ölkə başçısının müvafiq sərəncamları ilə təsdiq olunmuş Dövlət proqramları icra edilir. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” da bu istiqamətdə həyata keçirilən işlərin davamıdır. Bu sənədin müvafiq bəndlərinin icrası məqsədilə Mədəniyyət Nazirliyinin təsdiq olunmuş iş planının müvafiq bəndlərinə uyğun olaraq, mütəmadi olaraq konfrans, dəyirmi masa, mühazirə və müsabiqələr keçirilir, habelə mövzuya dair tamaşalar və videoçarxlar göstərilir. 2023-cü ildə də bu sahədə müxtəlif səpkili tədbirlər, aksiyalar həyata keçirilmişdir. Təşkil olunan tədbirlər paytaxtla yanaşı, bölgələri də əhatə etmişdir.

Nazirliyin qeyd olunan iş planına əsasən, Dövlət Gənc Tamaşaçılar Teatrında V.Siqarevin “Şeytan ailəsi” adlı əsəri əsasında “Ağ ölüm”, İrəvan Dövlət Azərbaycan Dram Teatrında M.Haqverdiyevin “Şeytan və ağ ölüm”, Lənkəran Dövlət Dram Teatrında R.Rəhimlinin “Ağ kəlağayı” tamaşaları hazırlanmışdır. Sözügedən tamaşalar teatrlarda hər ay mütəmadi olaraq göstərilməklə yanaşı, müxtəlif təhsil ocaqları ilə birgə layihələr şəklində də nümayiş olunmuşdur.

Bundan əlavə, Ağdam Dövlət Dram Teatrında S.İbrahimlinin eyniadlı əsəri əsasında səhnələşdirilən “Dərs” tamaşası nümayiş etdirilmişdir. Maarifləndirici tamaşada bir qrup gəncin narkomaniya bəlasına düçar olmasından söz açılır.

Balakən Rayon Mədəniyyət Mərkəzində narkomaniyanın fəsadlarından bəhs edən “Külə dönmüş arzular” tamaşası təqdim edilmişdir. Tamaşanın ilk nümayişi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası (NMDK) Balakən rayon komissiyasının təşkilatçılığı ilə M.Müşfiq adına Gərəkli kənd tam orta məktəbində reallaşmışdır.

İl ərzində Azərbaycan Milli Kitabxanası narkomaniyanın və digər zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə mənfi təsir etməməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirir. Bu istiqamətdə Milli Kitabxanada bir sıra işlər görülmüşdür. 24 iyun 2023-cü il tarixində narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə Milli Kitabxanada “26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim olunmuşdur. Virtual sərgidə mövzu ilə əlaqədar fotolar, kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş etdirilmişdir.

Milli Kitabxananın əməkdaşları tərəfindən “Gələcəyimizi birlikdə
düşünək – narkotik ölümün dostudur, sənin deyil!” adlı elektron
məlumat bazası (http://anl.az/el/emb/Narkomaniya/index.html) da hazırlanmışdır.

Aprelin 8-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Zərərli vərdişlərə yox!” devizi ilə rəsm sərgisi təşkil edilmişdir. Sərgi sağlam həyat tərzini təşviq etmək, yeniyetmə və gəncləri narkomaniya, tütün, alkoqol və digər psixotrop maddələrin mənfi təsiri ilə bağlı maarifləndirmək, istedadlı və yaradıcı gənclərin bacarıqlarını üzə çıxartmaq və dəstəkləmək məqsədilə keçirilmişdir. Şagirdlər narkomaniyanın törətdiyi fəsadları əsərlərində əks etdirərək gəncləri bəşəriyyət üçün ən böyük bəladan uzaq olmağa səsləmişlər. Tədbirin əvvəlində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019– 2024-cü illər üçün Dövlət Proqramı” barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. Sonra tədbir iştirakçıları şagirdlərin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar.

Fevralın 10-da Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Nəsimi Rayon Polis İdarəsi ilə birgə “Narkomaniyaya yox deyək!”, “Erkən nikah və onun fəsadları” və “Uşaqlar və yol hərəkəti təhlükəsizliyi” mövzularında maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə narkomaniyanın törətdiyi faciələr, cəmiyyətə vurduğu zərər barədə ətraflı məlumat verilmiş, narkotik vasitələrlə mübarizə sahəsində Azərbaycanda aparılan işlər barədə söhbət açılmış, polis əməkdaşları tərəfindən görülən məqsədyönlü tədbirlər diqqətə çatdırılmışdır. Sonda Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

19 may tarixində BXA-da “Narkomaniya və narkobiznesə qarşı mübarizə” mövzusunda elmi-praktik seminar, dekabrın 1-də isə akademiyanın tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş “Zərərli vərdişlərə yox deyək!” adı altında maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə BXA-nın rəhbərliyi, müəllim və şagirdləri ilə yanaşı, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları da iştirak etmişlər. Ölkəmizdə sağlam həyat tərzinin təbliği məqsədilə təşkil edilmiş tədbirdə şagirdlərin təqdimatında QİÇS-lə, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumat verilmişdir. Eyni zamanda onların təhsilə, elmə, o cümlədən rəqs, idman, rəsm və digər sahələrə marağını artırmaq məqsədilə tövsiyələr verilmişdir.

Mart-aprel aylarında Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Bakı Dövlət Universiteti İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri ilə “Sağlam gənclik – sağlam gələcəyimizdir!” və "Müasir gəncliyi narkotik vasitələrə meyillilikdən qoruyaq!" mövzularında söhbət-müzakirələr keçirilmişdir.

Respublika Gənclər Kitabxanasında 25 iyun tarixində “Narkomaniya – dövrün bəlası!” adlı ənənəvi sərgi təşkil edilmişdir. Sərgidə mövzu ilə əlaqədar kitablar, dövri mətbuat materialları, kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Narkomaniyaya yox deyək!” adlı metodiki vəsait sərgilənmişdir.

Ümumiyyətlə, il ərzində Respublika Gənclər Kitabxanasında gənc oxucularla sağlam həyat tərzi, zərərli vərdişlərdən yayınma mövzularında söhbət-mühazirələr, disputlar keçirilmiş, kitabxananın sosial şəbəkə səhifələrində sözügedən mövzuda paylaşımlar edilmişdir.

İl ərzində şəhər və rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrində “Gəncliyimizi pis vərdişlərdən qoruyaq!”, “Sağlam həyat, sağlam gənclik!”, “Narkomaniya bəşəriyyətin faciəsidir!”, “Narkomaniyaya yox deyək!”, “Narkomaniya uçuruma aparan yoldur!”, “Narkomaniya ağ ölümdür!”, “Sağlamlığınızın qədrini bilin!” və digər mövzularda müxtəlif tədbirlər keçirilmişdir.

Bundan əlavə, Dövlət Proqramının müvafiq bəndinin və yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022–2023-cü illəri əhatə edən Tədbirlər Planının icrası ilə bağlı Gəncə şəhərində, İsmayıllı və Şamaxı rayonlarında maarifləndirici təlimlər keçirilmişdir. Təlimlər Mədəniyyət Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun birgə təşkilatçılığı ilə gerçəkləşmişdir.

Rəvanə Abdullayeva,
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsi