20 aprel 2024 00:59
399

Kanada özünü nə sayır?

Təcavüzkar Ermənistan üçün dəridən-qabıqdan çıxan ölkələrdən biri də hayların qondarma “soyqırımı”nı tanıyan Kanadadır. Şübhəsiz, bütün bu kimi amillər Kanadadakı erməni diasporunun fəaliyyəti ilə əlaqədardır. Elə 44 günlük İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı erməni lobbisinin əsiri olan Kanadanın ermənipərəst mövqe sərgiləməsi, böhtanlarla dolu bəyanatlar səsləndirməsi bunun nəticəsi idi. Halbuki, Şimali Amerikada yerləşən Kanadanın Cənubi Qafqazda  baş verən  proseslərə heç bir aidiyyəti yoxdur.

Bir müddət öncə Avropa İttifaqının (Aİ) təcavüzkar ölkənin Azərbaycanla şərti sərhədində yerləşdirdiyi “mülki”, daha doğrusu,  de-fakto NATO-nun platformasına çevrilməkdə olan hərbi missiyasına qoşulduğunu bəyan edən Kanada bu günlərdə ilk “müşahidəçi”sini İrəvana göndərib. Aİ missiyasının yaydığı məlumatda deyilir ki, kanadalı mütəxəssis Aleksandr Qruşevski Aİ-nin mülki müşahidə missiyasına qəbul olunub. Yeri gəlmişkən qeyd edək ki, ötən ilin sonlarında İrəvanda  Kanadanın yeni səfirliyinin açılışında iştirak edən, erməni diasporunun pul kisəsindən asılı olan sözügedən ölkənin  xarici işlər naziri, fransızdilli kanadalı, öz işini Fransa Prezidenti Emmanuel Makronun təlimatları əsasında quran Melani Joli ölkəsinin Ermənistana müşahidəçi göndərmək arzusunu dilə gətirmişdi. Bölgədəki real vəziyyətdən xəbərsiz olan xanım nazir, həmçinin keçirdiyi brifinqdə ölkəmiz əleyhinə həqiqətə uyğun olmayan sərsəm fikirlər də səsləndirmişdi. Hətta könüllü olaraq Ermənistana köçənlərin guya Azərbaycanın zorakılığı nəticəsində “qaçqın” düşdüyünü iddia edən Melani Joli  Azərbaycana sanksiyaların tətbiqi variantının istis­na olunmadığını bildirmişdi. Bu mənada Kanadanın bu addımı, yəni Azərbaycana qarşı qərəzli davranışı heç də təəccüblü deyil.

Bu məqamda Prezident İlham Əliyevin bu sözlərini xatırlatmaq yerinə düşərdi: “Bəzən buradan dünyanın o başında yerləşən ölkələr bizim münaqişə ilə bağlı, yaxud da ki, Azərbaycanda gedən proseslərlə bağlı bəyanatlar verirlər. Bu, qəbuledilməzdir. Məsələn, mən Kanadanı misal gətirə bilərəm. Bu yaxınlarda mənə məlumat verildi ki, Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanla, bizim daxili işlərimizlə bağlı bəyanat verir. Nə haqqı var? Kim buna belə bir haqq verib? Özünü nə sayır Kanada? Bəlkə bu, superdövlətdir biz bilməmişik. Bu, bəlkə ikinci Lüksemburqdur, ikinci superdövlət yaranıb, bunu bilməmişik. Otursun öz işləri ilə məşğul olsun”. Bu mənada aborigen hindu əhalinin başına min cür müsibətlər gətirmiş, kütləvi qətliamlar törətmiş Kanadanın bu davranışlarını özünü yuyulmamış çömçə kimi Cənubi Qafqazda ortaya atması kimi dəyərləndirmək olar.

Təbii ki, aprelin 5-də keçirilən ABŞ-Avropa İttifaqı -Ermənistan müştərək konfransından sonra Kanada kimi qeyri-Avropa ölkəsinin Aİ-nin “mülkü” missiyasına müşahidəçi göndərməsi heç də xoş niyyətdən xəbər vermir. Bunu həm də həmin tədbir çərçivəsində müzakirə olunan, amma mətbuatdan gizlədilən bir sıra məqamlara işıq salan nüanslardan biri kimi dəyərləndirmək olar. Bu isə bir daha təsdiq edir ki, ABŞ Dövlət katibi Antoni Blinken okeanın o tayından min kilometrlərlə yolu yalnız Ermənistana 65 milyon dollar ayrılacağını elan etmək üçün gəlməmişdi.

Şübhəsiz, ABŞ kimi Kanadanın bu addımı  işğalçı dövlətə sevgisindən, canıyananlığından qaynaqlanmır. Bu, yalnız və yalnız Kanadanın təsiri altına düşdüyü Makron Fransasının ardınca getmək, onun etimadını doğrultmaqdan başqa bir şey deyil. Bu prosesdə Kanadanı oyuncağına çevirən ABŞ-ın da “xeyir-dua”sının olması şəksizdir. Yəni, rəsmi Ottavanın ölkəmizə  qar­şı qərəzli addımlarının arxasında məhz dünyaya demokratiya “dərs”i keçən Fransa və ABŞ dayanır. Elə bu səbəbdən onlardan gələn sifarişləri qeyd-şərtsiz icra edir. Kim bilir, bəlkə də Kanadanın bu ölkələrlə bu kimi məsələlər üzrə məxfi müqaviləsi də var. Şübhəsiz,  “mülkü” missiya adı altında Ermənistanda coğrafiyasını, əhatə dairəsini Kanada ilə genişləndirilən Qərb və ABŞ  bu gedişlərlə bölgəni yeni müharibəyə sürükləməyə cəhdlər edir.  Nə yazıq ki,  Ermənistan bu adi həqiqəti hələ də dərk etmək istəmir. Təcavüzkar ölkə Fransa və Kanada kimi destruktiv ölkələrin bölgəyə müdaxiləsinin İrə­vana dividend gətirəcəyinə ümid bəsləyir.

Əlbəttə, Kanadanın “mülki” missiyaya qoşulması, Ermənistana müşahidəçi göndərməsi Azərbaycan üçün hansısa ciddi təhdid demək deyil. Amma bu, bir reallıqdır ki, Kanada özünün düşünülməmiş siyasəti ilə Fransa kimi Cənubi Qafqazda biabırçı fiaskoya uğrayacaq. Çünki regionda beynəlxalq hüququn norma və prinsipləri əsasında davranan Azərbaycan  imkan verməyəcək ki, bu və ya digər proses onların   uğuru ilə nəticələnsin. 

Qvami Məhəbbətoğlu, “İki sahil”