09 sentyabr 2026 18:14
125

Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rolu günbəgün artır - TƏHLİL

“Əsrin müqaviləsi”-32

Prezident İlham Əliyevin çıxışlarında qeyd edildiyi kimi, biz artıq özümüzü etibarlı ölkə olaraq təsdiq etmişik

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır. Bu sahədə əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Ölkəmiz özünü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edir. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın,  lider, aparıcı ölkə olsun. Burada söhbət yenilənən, bərpaolunan enerjidən gedir. Keçilən yolun təhlili Azərbaycanın enerji sektorunda hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olduğunu nümayiş etdirir. 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıc nöqtəsi kimi dəyərləndirilən  Cənub Qaz Dəhlizinin təməli qoyuldu. O zaman dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etmişdi ki, bu layihə uğurla, vaxtında icra ediləcək. Baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihə idi. Azərbaycan ilk dəfə olaraq belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermiş, onun təşəbbüskarı olmuşdur. 2018-ci ilin may ayında  Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, iyun ayında onun əsas tərkib hissələrindən olan TANAP, 2020-ci ilin sonunda isə TAP istifadəyə verildi. Cənub Qaz Dəhlizi layihəsinin tam tərkibdə istifadəyə verilməsi  onu göstərdi ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayıb.

Prezident İlham Əliyevin çıxışlarında bu məqam xüsusi qeyd edilir ki,  biz artıq özümüzü etibarlı ölkə olaraq təsdiq etmişik. O ölkə ki, öz öhdəliklərinə hörmət edir. Hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Bu isə bizim mövqeyimizin təzahürüdür. Biz öz öhdəliklərimizə hörmət edirik və tərəfdaşlarımızdan öz öhdəliklərinə hörmət etməyi gözləyirik. Bu məqam da diqqətə çatdırılır ki,  etibarlılıq vacib amil idi. İkinci amil isə  Azərbaycanda olan siyasi və iqtisadi sabitlik, neft, qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılmasında mühüm nəticələrdir. Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə,  bütün bu amillər mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verir.

Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə təsdiqləyir. Avropa İttifaqına  daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də Azərbaycan amilinə daim  xüsusi önəm verilir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyası, həmçinin bu reallığı təsdiqləyir ki, nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bilib. Neft və qaz hasil edən ölkə kimi Azərbaycanda aparılan islahatlar respublikanın müasirləşdirilməsinə, istehsalın, xüsusilə sənayenin şaxələndirilməsinə yönəldilir. Hazırda Azərbaycan yaşıl enerji ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır. Bu reallığı da qeyd edək ki, ölkəmizin   Avropa Komissiyası ilə münasibətlərinin  kifayət qədər  yeni hissəsi bərpaolunan enerji ilə bağlıdır. İndiyədək xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr Azərbaycana  növbəti illər  ərzində səkkiz giqavat Günəş və külək enerjisini əldə etmək imkanı verəcək.

Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29 iqlim konfransı bərpaolunan enerji sahəsində malik olduğumuz imkanların təqdimatında öz sözünü dedi. Bu sahəyə investisiyaların qoyulması günümüzün əsas çağırışları sırasındadır.   Son illərdə  ənənəvi, eyni zamanda, bərpaolunan enerji sahəsində qazanılan uğurlara diqqət yetirdikdə  bu mühüm məqam bir daha təsdiqini tapır ki, səylərin birləşdirilməsi hədəflərə zamanında nail olmağa əsas verir. Prezident İlham Əliyev bu il   “Bakı Enerji Həftəsi” çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində bildirdi ki, mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir. Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur.

“Bakı Enerji Həftəsi”ndə bu hədəflər də açıqlandı ki, gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Əgər fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, görərik ki,  xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir. “Bu gün biz  tərəfdaşlarımızla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edirik” söyləyən dövlətimizin başçısı  İlham Əliyev vurğuladı ki, texniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Ölkəmiz, həmçinin Mərkəzi Asiyadakı tərəfdaşlarımızla birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işləyir. Beləliklə,  söhbət geniş coğrafiyanı əhatə edən böyük əməkdaşlıq məkanından gedir.

Azərbaycan ilə  həm  ənənəvi enerji, həm də  bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır. Bu, ölkəmizin enerji siyasətinin uğurlarıdır. Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin olunmasında öz sözünü deyir. Enerji layihələrinin uğurlu icrası Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rolunu günbəgün artırır. Həmçinin bu layihələr dünyanın enerji xəritəsinin yenidən tərtib olunmasında əhəmiyyətli rol oynayır.

  Hər dövrün öz tələbi, çağırışı vardır. Azərbaycan artıq 6 ildir  tarixi Zəfərimizin reallıqlarını yaşayır. Bu torpaqların malik olduğu potensialdan gələcəkdə səmərəli istifadə etmək üçün Milli Prioritetlər təsdiqləndi. Böyük Qayıdış Proqramı tam tərkibdə reallığa çevrildikdən sonra Qarabağ və Şərqi Zəngəzur  yaşıl enerji məkanı kimi dünyanın diqqətində olacaq, böyük investisiyalar məkanına çevriləcək. Bu gün dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir. İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu bərpaolunan enerji mənbələrindən  istifadə ilə bağlı investisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılır. Bu isə öz növbəsində Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı barədə aydın təsəvvür yaradır. Bu mühüm məqamı da qeyd edək ki, Azərbaycanın tranzit imkanları da əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan həm enerji, nə də nəqliyyat layihələri ilə ölkələri birləşdirir.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin bu ilin iyul ayında Azərbaycana səfəri zamanı ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi davamlı töhfələr geniş təhlil edildi, yüksək dəyərləndirildi. Avropa Komissiyasının Prezidenti ilə birgə mətbuata bəyanatında cənəb İlham Əliyev “Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik. Bu ilin martında biz Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanı, sonra may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kallası qəbul etdik. Bu gün isə Avropa Komissiyasının Prezidenti bizimlədir” söyləyərək onu da əlavə etdi ki, əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk.  2022-ci ildə enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunun imzalanmasını önə çəkən cənab İlham Əliyev bildirdi ki,  həmin vaxtdan etibarən Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artmışdır. Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur. Bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Azərbaycan böyük dərəcədə siyasi səylər qoymuş, diplomatik fəaliyyət aparmış və həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırmışdır. Cənub Qaz Dəhlizi ümumi fəaliyyətimizin gözəl nümunəsidir. Bu gün 3500 kilometrlik vahid boru kəməri sistemləri təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir.

Bu məqamı da qeyd edək ki, Azərbaycan regional daşımalar layihələrinin  fəal iştirakçısı və təşəbbüskarıdır. Dövlətimizin başçısı  vurğulayır ki, Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir və qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri bizə bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatını qurmağa imkan yaratdı. Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır. Biz Azərbaycanda və qonşuluqda daşımalar infrastrukturuna böyük sərmayələr yatırdıq və bunu davam etdiririk. Yeni geosiyasi vəziyyətə gəldikdə isə görürük ki, ticarət üçün dəniz limanlarımızın, dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsinə ehtiyac duyulur. Bütün bunları  cədvələ və öz maliyyə imkanlarımıza uyğun edirik. Avropa Komissiyasının Prezidenti səfəri çərçivəsində mətbuata bəyanatında  Cənubi Qafqazın  Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biri olduğunu bildirərək onu da əlavə etdi ki, onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik. Bu, nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə etməklə Yüksəksəviyyəli Bağlantı Dialoqu ilə sıx bağlıdır. Avropa İttifaqının Cənubi Qafqaz regionunun parlaq gələcəyinə inandığını önə çəkən Ursula Fon der Lyayen  bildirdi ki, gəlin, dinc Cənubi Qafqaz naminə, Avropaya, Xəzər regionuna və Mərkəzi Asiyaya bağlantısı olan Cənubi Qafqaz naminə, aramızdakı həmişəkindən daha güclü tərəfdaşlıq naminə birlikdə çalışaq. 

Ümumiyyətlə, enerji və nəqliyyat məsələləri bütün qarşılıqlı səfərlər çərçivəsində keçirilən görüşlərdə, həmçinin beynəlxalq əhəmiyyətli tədbirlərdə əsas müzakirə edilən məsələlər sırasında olur. Təkcə cari ildə aparılan müzakirələrə, imzalanan sənədlərə, əldə olunan uğurlu nəticələrə diqqət yetirmək kifayətdir.  Bu ilin iyul ayında ənənəvi keçirilən IV Şuşa Qlobal Media Forumunda da enerji təhlükəsizliyi xüsusi diqqətdə oldu. Jurnalistin  “Azərbaycan artıq 16 ölkəyə qaz tədarük edir. Onlardan 14-ü Avropa ölkəsidir və bu il Avstriya ilə Almaniya da həmin ölkələr sırasına qoşulub. Bu iki ölkə sizin üçün nə baxımdan xüsusi əhəmiyyət kəsb edir? İkinci sualım isə Avropa İttifaqı ilə münasibətlərə aiddir. Bu münasibətlərin gələcək inkişafını necə görürsünüz? Siz qeyd etdiniz ki, belə əlaqələr hər iki tərəf üçün qarşılıqlı fayda gətirir” sualına cavabında cənab İlham Əliyev bildirmişdir ki, bəli, bu ildən etibarən Almaniya və Avstriyaya qaz ixracına başlamışıq. Bu, qlobal, xüsusilə də Avropa qaz bazarında mövqeyimizi genişləndirməyə yönəlmiş ümumi strategiyamızın tərkib hissəsidir. Avropa bazarı yüksək qiymətlərin formalaşdığı, bizim üçün premium hesab edilən bazardır. Buna görə də ixrac imkanlarımızı daha da genişləndirməkdə olduqca maraqlıyıq. Bəli, hazırda biz boru kəmərləri vasitəsilə 16 ölkəyə qaz tədarük edirik və boru kəməri ilə qaz ixracının coğrafi əhatəsinə görə dünyada birinci yerdəyik. Bu, son deyil, qarşıda əlavə imkanlar var. Hazırda Avropa İttifaqının bəzi üzv dövlətləri ilə həm yeni qaz tədarükünə başlamaq, həm də mövcud tədarük həcmlərinin artırılması istiqamətində danışıqlar aparırıq. Beləliklə, bizə hər iki istiqamətdə müraciətlər var. Bugünkü enerji bazarında etibarlı, proqnozlaşdırılabilən və alternativ mənbə olan Azərbaycanın qazı, yəqin ki, on il əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir. Bizim hasilatı və ixracı artırmaq üçün kifayət qədər potensialımız var. Cəmi bir neçə ay əvvəl AÇG-nin dərin qaz yatağından – bizim "ACG Deep Gas" adlandırdığımız layihə çərçivəsində hasilata başladıq. Eyni zamanda, təsdiq edilmiş iş proqramı və investisiya portfeli əsasında mövcud yataqlarda da hasilat artacaq.  Bununla yanaşı, bərpaolunan enerji sahəsində genişmiqyaslı işlər həyata keçirilir. Bərpaolunan enerji mənbələri artıq bizə xeyli həcmdə qaza qənaət etməyə imkan verir və gələcəkdə bu göstərici daha da artacaq. Çünki 2032-ci ilədək bərpaolunan enerji mənbələri üzrə 8 giqavat generasiya gücünə çatmağı planlaşdırırıq. Bu isə hazırda elektrik enerjisinin istehsalında istifadə etdiyimiz bir neçə milyard kubmetr qaza qənaət etməyə imkan verəcək. Beləliklə, həmin qaz həcmləri də istehlakçılar üçün əlçatan olacaq. Yəni biz iki mühüm amilə malikik: artan qaz hasilatı və ixrac potensialı, həmçinin bu qaz üçün mövcud bazar. Buna görə də aradakı boşluğu aradan qaldırmalı, xüsusilə də nəqliyyat infrastrukturunu genişləndirib modernləşdirməliyik. Bazarların şaxələndirilməsinin də mühüm əhəmiyyət daşıdığını qeyd edən cənab İlham Əliyev bu məqama da diqqəti yönəltdi ki, əvvəllər heç nəzərdə tutmadığımız bir bazara - Suriyaya qaz ixracına başlamışıq və buradan yüksək tələbatın mövcud olduğu qonşu bazarlara çıxış imkanlarımız da var. Ona görə də Avropadakı tərəfdaşlarımızla münasibətlərdə bizim üçün iki məsələ xüsusi əhəmiyyət kəsb edir: uzunmüddətli müqavilələrin bağlanması və mövcud qaz nəqli sisteminin genişləndirilməsi istiqamətində birgə fəaliyyət.

Dövlət başçısı İlham Əliyevin Almaniyaya səfəri zamanı da  enerji sektorunda əməkdaşlıq əsas diqqət mərkəzində  oldu. Prezident İlham Əliyev bildirdi ki,  bu ildən etibarən Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Bizim qazımız bu gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz, bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır: “Bağlantılarla və tranzit imkanları ilə bağlı da Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var. Çünki Almaniya şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə edib. Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır.”

Qısa təhlil bu qənaətə əsas verir ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində    Azərbaycanın enerji diplomatiyasının uğurları davamlılığı ilə diqqətdədir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələri, xalqları birləşdirir, dövlətimizin etibarlı, arzuolunan tərəfdaş kimi  mövqeyini möhkəmləndirir. “Əsrin müqaviləsi”, onun davamı olan “Yeni əsrin müqaviləsi” enerji sektorunda qazanılan uğurların əsası və yol xəritəsidir.

Yeganə Əliyeva, “İki sahil”