19 aprel 2024 21:48
221

Azərbaycanın növbəti diplomatik və siyasi uğuru - Sahil Kərimli

"4 kəndin Azərbaycana qaytarılması ilə bağlı razılığın əldə olunması birmənalı olaraq Azərbaycan dövlətinin, xüsusilə Prezident İlham Əliyevin qətiyyətli, Azərbaycanın dövlətçilik və milli maraqlarına söykənən siyasətinin bariz nümunəsidir. Kəndlərin qaytarılması məsələsini  Azərbaycanın növbəti diplomatik və siyasi uğuru kimi qiymətləndirmək lazımdır".

“İki sahil” xəbər verir ki,  bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:

"Məlum olduğu kimi, bir neçə gün bundan əvvəl  Azərbaycanda müvəqqəti fəaliyyət göstərən Rusiya sülhməramlılarınln ölkəmizdən çıxarılması ilə bağlı razılığın əldə olunması, hər iki ölkə rəhbərliyinin ali dövlət rəhbərlərinin bu barədə razılıq əldə etməsi, qərar verməsi və Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması məsələsi baş tutdu. Cəmi 2 gün sonra da Ermənistanla aparılan danışıqlar ortaya qoyulmuş, Azərbaycanın çox qətiyyətli və ədalətli mövqeyinin reallaşması bu gün deməyə əsas verir ki, Azərbaycan yenə də masada güc sahibidir, haqlı tərəfdir. Azərbaycan haqlı tərəf olduğunu bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan qətiyyətli siyasət yürütdüyünü bir daha beynəlxalq aləmə göstərdi. Biz bir daha sübut etdik ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərindən sonra yeni reallıqlar yaradıb. Biz bu gün bu reallıqların növbəti dəfə həyata keçməsinin şahidi olduq. Azərbaycan böyük qələbə qazandı. Bu kəndlərin Azərbaycanın tarixi suveren ərazisi olduğunu biz bütün dünyaya bəyan etmişdik. Bütün dünya bunu bilirdi. Biz bu gün bu kəndlərimizi geri qaytarmaqla bağlı razılıq əldə etməklə bir daha öz qələbəmizi göstərmiş olduq!"