21 aprel 2024 01:35
217

İngiltərə Premyer Liqası: “Arsenal” liderliyə yüksəlib

İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində “Vulverhempton” “Arsenal”ı qəbul edib.

“İki sahil” xəbər verir ki, hakim Pol Tirninin idarə etdiyi oyunda londonlular minimal inamlı qələbə qazanıb.

Matçın 45-ci dəqiqəsində Leandro Trossard “topçular”ın ilk qoluna imza atıb. Belçikalı vingerə dəqiq ötürməni hücumçu Qabriel Jezus edib. Oyunun sonlarına doğru Qari O’Nilin yetirmələri təşəbbüsü ələ alaraq tarazlığı bərpa etməyə çalışsalar da, qonaqların norveçli yarımmüdafiəçisi Martin Edeqor iti bucaqdan dəqiq zərbə endirərək onların bu diləyini ürəyində qoyub – 0:2.

Beləliklə, 33 oyundan sonra “Arsenal” turnir cədvəlinin zirvəsinə yüksəlib. Mikel Artetanın yetirmələrinin 74 xalı var. “Topçular”ın ən yaxın izləyicisi “Mançester Siti” (73) və “Liverpul”dur (71). Hər iki təqibçinin ehtiyatında bir oyun var.

“Qurdlar” isə 33 oyuna cəmi 43 xal toplaya biliblər. Komanda 11-ci pillədə qərarlaşıb. Onun ən yaxın təqibçiləri 42 xala malik “Fulhem” və “Bornmut”dur (ehtiyatında bir oyun var).

Xatırladaq ki, İngiltərə Premyer Liqası 38 turdan ibarətdir. Mövsümün sonuncu həftəsi mayın 19-da baş tutacaq. Bütün matçlar eyni vaxtda başlayacaq.