Həsən dağının ətəyində yerləşən 180 təsərrüfatlı Gözlükuyu kəndinin sakinləri 32 il əvvəl qəsəbənin hündürlükdə olması və suyun kifayət qədər olmaması səbəbindən təxminən 8 kilometr aralıdakı düzənlik əraziyə köçüblər. 7 uşaq atası Selami Salman isə ailəsi ilə birlikdə kənddə qalıb. Salmanın uşaqları da evləndikdən sonra kəndi tərk ediblər. 12 il əvvəl həyat yoldaşı Fadimananı xərçəng xəstəliyindən itirən S.Salman kənddə 2 otaqlı evdə tək yaşayır: “Gözlükuyu kəndində doğulmuşam, burada öləcəyəm. Həyat yoldaşımın vəfatından 12 il keçir. Övladlarım da öz ailələrini qurdular. Hazırda kənddə tək yaşayıram. Həyat yoldaşımın ölümündən sonra tək qalsam da, getmək istəmədim. Burada tapdığım dincliyi başqa yerdə tapa bilmirəm. Əvvəlki valimiz Həmzə Aydoğdu mənim evimi tikdirdi, sağ olun. O, olmasaydı, mənim evim uçacaqdı. Kənd sakinləri su problemi səbəbindən kəndi tərk ediblər. Onların indi olduğu yerdə yeraltı su var, amma içməli su problemləri hələ də həll olunmayıb. 68 ildir ki, bu kənddəyəm. Təbii ki, tək yaşamaq çətindir, hər şeyi özün etməlisən. Qış aylarında yollar bağlansa, çörəksiz qalıram, amma özüm bişirirəm.”
Məni öləndə arvadımın yanında dəfn edin
Dağlıq əraziləri gəzərək günü keçirməyə çalışdığını bildirən Salman vurğulayır ki, tənhalığa öyrəşib: “Uşaqlarım deyir ki, gəl, mən getmək istəmirəm. Bazar günləri uşaqlarım mənə baş çəkməyə gəlir, onlarla yeyib-içirik, sonra hamısı evlərinə gedir. Bu yerin təmiz havasına öyrəşmişəm, mərkəz yerlərdə 10 saat yatmaq azdır. Burada 4 saat yatmaq kifayətdir. Aşağı kəndə getsəydim, bəlkə mən də öləcəkdim, bu yaşıma qədər yaşamazdım. Həyat yoldaşımın qəbrinin yanında yer ayırdım. Mən öləndə məni arvadımın yanında basdırsınlar.”
Orxan Vahidoğlu, “İki sahil”