23 aprel 2024 02:58
305

Bizim sözümüz ilə əməlimiz heç vaxt fərqlənmir

Dövlət başçısı İlham Əliyev keçilən yolun təhlili əsasında bu reallığı da xüsusi vurğulayır ki, əsas amalım verdiyim vədləri yerinə yetirməkdir

“Biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Bu fikirləri ötən il Azərbaycan Bayrağını Xankəndi şəhərində ucaltdıqdan sonra xalqa müraciətində bildirən dövlət başçısı İlham Əliyev bu il Novruz tonqalını Xankəndi şəhərində Zəfər meydanında alovlandırdı və bu məqamı böyük qürur hissi ilə bildirdi ki, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir: “Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.”

Son üç ildən artıq dövr Azərbaycan tarixinə zəfərlərin yazılması ilə diqqətdədir. Təbii ki, bu zəfərlər möhkəm təmələ əsaslanan siyasətin, Azərbaycanın 30 illik işğal, eyni zamanda, postmünaqişə dövründə hər bir sahədə böyük uğurlara, zəngin təcrübəyə malik olmasının göstəricisidir.

Bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yer tutdu. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da geniş coğrafiyada böyük məna daşıyır. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Arxada qalan illər ərzində Qarabağ münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin yaradıldı. Son 20 ildə ölkəmizin iqtisadi uğurları göz qabağındadır. İqtisadiyyatımız dörd dəfədən çox artıb. Dövlət başçısı İlham Əliyev belə bir çağırışı edir ki, güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır.

Ordumuzun gücləndirilməsi istiqamətində atılan addımların xronologiyasına diqqət yetirəndə bu sahədə mühüm işlər görüldüyünü görmək olur ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və bunu döyüş meydanında sübut etdi. Tarixi Zəfərimizə qədər 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı Azərbaycan Ordusunun hansı gücə malik olduğunu nümayiş etdirdi. Lakin Ermənistan bunlardan nəticə çıxarmaq barədə düşünmədi. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini raket atəşinə tutdular. Artıq Azərbaycan dövlətinin, xalqının səbir kasasını dolmuşdu. Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildi. Eyni zamanda, keçən ilin sentyabr ayında cəmi 23 saat davam edən antiterror əməliyyatı gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Cənab İlham Əliyev bu fikri böyük qürur hissi ilə bildirir: “Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik.”

Azərbaycanın Zəfərlərindən danışılarkən, işğaldan azad edilmiş torpaqlardan xalqa müraciət edilərkən bu amil də xüsusi vurğulanır ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır: “Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.”

Tarixi Zəfərimizdən başlanan qələbələr daim keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. 44 günlük İkinci Qarabağ müharibəsi xalq-Prezident-ordu birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar dövlətimizin başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. O cümlədən 50-dən artıq siyasi partiya Prezident İlham Əliyevlə birlikdə, həmrəy olduqlarını bildirdilər. Bu, ölkəmizdə vətəndaş həmrəyliyinin, ümummilli məsələlərdə müxalifət-iqtidar münasibətlərinin bir kənara qoyulması ilə yanaşı, Prezident İlham Əliyevin mövqeyinin, tutduğu yolun dəstəklənməsi idi. Dövlətimizin başçısı nəyi necə və nə zaman etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Bir addım belə mövqeyindən geri çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında bir şərt qoydu- Torpaqlarımızdan getmək. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində erməniləri torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd azad edildi. Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdi.

Zəfərimizin Sərkərdəsi, ərazi bütövlüyümüzün bərpasının memarı kimi tarixə yazılan dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Qələbəyə həsr olunan Zəfər paradındakı çıxışında bu məqamı xüsusi qeyd etmişdir ki, biz bu illər ərzində həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində güc topladıq. İqtisadiyyatımızı, ordumuzu gücləndirdik.

Beynəlxalq münasibətlər sistemində güc və beynəlxalq hüquq amillərini nəzərə alsaq, Azərbaycan hər iki istiqamətdə böyük uğurlara imza atdı. Ən əsası dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu illər ərzində Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın haqlı mövqeyi dəstəkləndi, Ermənistanın işğalçılıq siyasəti pisləndi. Baxmayaraq ki, bu qətnamələr saralmış kağız üzərində qaldı, əsas olan budur ki, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bu sənədlərdə öz əksini tapdı. Azərbaycanın döyüş meydanında qələbəsində bu illər ərzində yaradılan möhkəm hüquqi bazanın rolu inkaredilməzdir. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşıdır.

30 illik zaman keçdi. Azərbaycan hər zaman məsələnin sülh yolu ilə həllində maraqlı olduğunu bildirib. Heç zaman qan tökülməsini istəməyən Azərbaycan dövləti 30 il qarşı tərəfdən ədalətli mövqe, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində münaqişənin həllini gözlədi. Cənab İlham Əliyevin vurğuladığı kimi, artıq son illərdə münaqişənin həlli ilə bağlı danışıqların aparılması heç bir məna daşımırdı. Ermənistanın baş naziri Nikol Paşinyan sərsəm bəyanatları, təhqiredici addımları ilə açıq-aşkar münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını bildirirdi. Baxmayaraq ki, işğalçı Ermənistana havadarlıq edən dövlətlər münaqişənin hərb yolu ilə həllinin olmadığını bildirirdilər, Ermənistanın baş naziri bunun əksinə olaraq münaqişənin diplomatik həllinin mümkünsüzlüyünü bəyan edirdi. Azərbaycan dövləti, xalqı Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də müxtəlif istiqamətlərdə hücumlarından sonra artıq səbrin tükənməz olmadığını nümayiş etdirdilər.

“Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub.» Dövlətimizin başçısı İlham Əliyev bu fikirləri 44 günlük müharibə dövründə xarici mətbuata müsahibəsində “Tarixdə necə qalmaq istərdiniz” sualını cavablandırarkən bildirmişdir. Digər müsahibəsində isə «Sizə ən çox təsir edən, kədərləndirən, ən çox sevindirən nələr oldu» sualını cavablandırmışdı. Qeyd etmişdir ki, ən çox kədərləndirən itkilərimizdir. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, xalqımız, onların yaxınları, valideynləri üçün böyük faciədir. Ona görə də hər bir azərbaycanlının həlak olması mənim üçün ən böyük üzüntüdür. Onların hamısı bizim soydaşlarımız, övladlarımız, qardaşlarımızdır. Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir. İnsanlarımız mərmi altında yaşayır, oranı tərk etmir, deyirlər ki, təki “Vətən sağ olsun!” Bax, məni ən çox sevindirən budur. Eyni zamanda, bununla bərabər, bayrağımızı işğaldan azad edilmiş torpaqlarda görməyimdir.

Cənab İlham Əliyev hələ müharibənin gedişi dövründə Azərbaycanın qələbə qazanacağına tam əminliyini ifadə etmişdir. Bu əminliyə əsas verən təbii ki, Azərbaycanın bütün istiqamətlərdə üstünlüyə malik olması idi. Dövlət başçısı bildirirdi ki, işğaldan azad edilmiş torpaqları yenidən quracağıq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlər sahəsində böyük imkanlar açacaq. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq. Azərbaycana olan hörmət daha da artacaq ki, biz güclü dövlət kimi öz ərazi bütövlüyümüzü, ədaləti və beynəlxalq hüququ bərpa edirik. Ölkəmizin gələcək inkişafı çox uğurlu olacaq: “Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Bəyan etdiyim bütün hədəflərə çatmışıq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi. Mən şadam ki, bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir.»

Tarixi Zəfərimizdən ötən üç ildən artıq dövrün reallıqları cənab İlham Əliyevin bu fikirlərinin artıq gerçəklik olduğunu təsdiqləyir. Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verildi. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialını 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir. Kəlbəcər-Laçın zonasında külək stansiyaları, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları inşa olunacaq. Azərbaycanın müvafiq strukturları və əcnəbi tərəfdaşlar tərəfindən bu məsələlər üzərində fəal işlər aparılır. Bu layihələr çox böyük perspektivə malikdir. Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanda icra edildi. 200 evdən ibarət gözəl kənd salındı. Məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var.

Dövlət başçısı İlham Əliyev böyük qürur hissi ilə qeyd edir ki, 20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Hazırda bütün işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən Xankəndi və Xocalı bərpa edilir, bu il sakinlərini qarşılayacaq şəhərlər sırasında onların da adı var. Dövlət başçısı İlham Əliyev sözü ilə əməlinin bir olduğunu hər bir addımı ilə təsdiqləyir. Cənab İlham Əliyev bildirir ki, bizim sözümüz ilə əməlimiz heç vaxt fərqlənmir.

Bu günlərdə xalqımız növbəti Zəfərin sevincini yaşadı. Ermənistanın işğalında olan Qazax rayonunun 4 kəndi bir güllə atılmadan, şəhid vermədən azad edildi. Zəfərlərimiz gələcəyə, tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimizin yol açdığı yeni-yeni hədəflərə doğru inamla addımlayır. Azərbaycan dövləti 30 illik işğal dövründə ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində torpaqlarımızı qarış-qarış toplaması hər birimizi qürurlandırır.

Yeganə Əliyeva, “İki sahil”