22 aprel 2024 23:32
427

“Android 15” şübhəli tətbiqləri karantinə alacaq

“Android 15” əməliyyat sistemində potensial təhlükəli proqramların avtomatik yerləşdiriləcəyi karantin olacaq. “Android Authority” yazır ki, yeni funksiya “Android 14”ün beta versiyasında sınaqdan keçirilir, o, növbəti əsas sistem yeniləməsinin buraxılışına hazır olacaq.

Nəşrin müəlliflərinin fikrincə, karantin funksiyası tətbiqin idarə olunan mühitdə işini davam etdirməsinə imkan verəcək, lakin onun imkanları ciddi şəkildə məhdudlaşdırılacaq. Xüsusilə, proqram fonda işləyə bilməyəcək, bildirişlər göndərə və ya digər proqram təminatı ilə əlaqə saxlaya bilməyəcək.

Hal-hazırda “Android” cihazlarını qorumaq üçün sistemdə quraşdırılmış “Play Protect” mexanizmi istifadə olunur ki, bu da sadəcə olaraq şübhəli proqramları aradan qaldırır.

“Google”un mayın 14-də keçiriləcək “Google I/O” illik developer konfransında “Android 15” əməliyyat sisteminin yeni xüsusiyyətlərindən danışılacağı və ola bilsin ki, Pixel 8A smartfonunu təqdim edəcəyi gözlənilir.

Güman edilir ki, “Android 15” smartfon söndürüldükdə belə onun yerini müəyyən edə biləcək.

Nubar Süleymanova, “İki sahil”